Xəbər verildiyi kimi, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb. Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
“AzPolitika.info” xəbər verir ki, bu hadisə dərhal Ermənistan mətbuatının diqqətini cəlb edib.
Erməni xəbər portalları Zeynallının saxlanılması və Ermənistana təhvil veriləcəyi ilə bağlı məlumatlar yayırlar. Lakin maraqlıdır ki, bu zaman Ermənistan dövlət və hüquq-mühafizə orqanlarına deyil, Azərbaycan mətbuatında gedən məlumatlara, rəsmi qurumların açıqlamalarına istinad edirlər. Həmçinin, K.Zeynallının özünün paylaşımlarını və müraciətini əsas gətirirlər.
Ancaq Ermənistan rəsmi orqanlarının hələ ki, Zeynallının saxlanılması, yaxud onun axtraışa verilməsi ilə bağlı hər hansı açıqlaması yoxdur.
Qeyd edək ki, Zeynallının dediyinə görə, Rusiya polisi ona guya ötən ilin mayından Ermənistan tərəfindən axtarışa verildiyini bildirib. Ancaq indiyə qədər dəfələrlə Rusiyaya getsə də, bununla bağlı Zeynallıya heç bir məlumat verilməyib.
“AzPolitika.info”


Şərhlər