Azərbaycan Beynəlxalq Bankı (ABB) şəhidin həyat yoldaşının kartından 1400 manatın yoxa çıxması xəbərinə aydınlıq gətirib.
ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayev virtualaz.org saytının sorğusuna cavab olaraq bildirib ki, Gülabatın Kərimovanın kartından son 7 ayda mütəmadi olaraq hər ay 200 manat pul çıxarılıb.
“Ucar rayonunda yerləşən və ABB-yə məxsus 1386 və 663 saylı ATM-lərdə 20 may, 22 iyun, 23 iyul, 23 avqust, 18 sentyabr, 2014-cü il tarixlərində şikayətçinin kartı vasitəsilə hər biri 200 manat olmaqla məxaric əməliyyatları həyata keçirilib. Bu ilin oktyabr ayında Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Kərimova Gülabatın Müseyb qızına məxsus kartın bloklanması və təkrar kart sifarişi barədə banka rəsmi müraciət daxil olub.
Sifariş yerinə yetirilib. 27 oktyabr, 2014-cü il tarixdə Gülabatın Kərimova şəxsiyyətini təsdiq edən sənədlə banka gəlib və ona aid olan yeni kartı qeydiyyat kitabına imza ataraq götürüb” - deyə R.Ağayev bildirib.
ABB rəsmisinin sözlərinə görə, elə həmin gün, yəni oktyabrın 27-də G.Kərimovaya məxsus kart vasitəsilə ABB-yə məxsus 663-cü ATM-dən 200 manat, 22 noyabr, 2014-cü tarixdə daha 200 manat məbləğində vəsait götürülüb: “Beləliklə, bu il mayın 20-dən noyabrın 22-dək olan müddət ərzində cəmi 1400 manat vəsait ATM vasitəsilə nağdlaşdırılib. Bildiririk ki, ATM-lərdə aparılan əməliyyatlar avtomatik olaraq qeydə alınır və kartı bankomata daxil edən, vəsaiti çıxaran şəxslərin fotogörüntüləri arxivləşdirilir”.
R.Ağayev qeyd etdi ki, şikayətçi G.Kərimova ona məxsus vəsaitin kim tərəfindən bankomatdan çıxarıldığını və ona vurulan maddi ziyanın kim tərəfindən törədildiyini bilmək istəyirsə, mütləq inzibati orqanlara müraciət etməlidir.
“Cinayət işi qaldırılacağı və inzibati orqanlar banka müraciət edəcəkləri təqdirdə şikayətçinin kartından istifadə edərək onun vəsaitini mənimsəyən şəxs yaxud şəxslərin ATM vasitəsilə çəkilmiş 28 ədəd fotogörüntüsü rəsmi qaydada inzibati orqanlara təqdim ediləcək” - deyə R.Ağayev qeyd edib.
Xatırladaq ki, Qarabağ döyüşlərində şəhid olan Sahib Kərimovun həyat yoldaşı Gülabatın Kərimova redaksiyamıza müraciət edərək Beynəlxalq Bankın Ucar filialının müdiri tərəfindən aldadıldığını və 1400 manatının mənimsənildiyini demişdi. O, son 7 ay ərzində hesabına köçürülən 1400 manatın filial müdiri Tariyel Niftəliyev tərəfindən götürüldüyünü iddia edirdi.


Şərhlər