“TƏZMİNAT TƏLƏBİ SÜLH MÜQAVİLƏSİNİN ŞƏRTİ OLMALIDIR” - "Bakının əlində Paşinyanın imzaladığı sənəd var”

“Bakı Rusiya aktivlərinin Ukraynaya verilməsi prosesini izləməlidir...”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar geniş sülh prosesinin mühüm tərkib hissəsidir. Sülh müqaviləsi iki ölkə arasında gələcək əməkdaşlıq üçün çərçivə formalaşdırmaqdırsa, kommunikasiyaların açılması, humanitar məsələlər, reparasiya və digər mövzular öz dinamikası olan paralel proseslərdir.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.

“Yəni Azərbaycan-Ermənistan münasibətlərində sadalanan mövzulardan hər hansı biri konkret dövr ərzində yaranan şərtlərə uyğun aktual olur. Bəzi mövzular gələcəyə təxirə salına bilər, məsələn, kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması. Yaxud əksinə, onlar sülh müqaviləsinin şərtlərinə çevrilə bilər, məsələn, Ermənistan qanunvericiliyinin dəyişdirilməsi”, - ekspert əlavə edib.

Politoloq xatırladır ki, Ermənistanın təzminat ödəməsi mövzusu müharibənin lap sonundan aktual olub. Onun sözlərinə görə, Azərbaycan dəymiş ziyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirib.

“Bakının əlində Ermənistanın Baş nazirinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktını tanıyan üçtərəfli bəyanatı imzalaması faktı var”, - o qeyd edib.

F.Məmmədov deyir ki, son onilliklərdə təzminatların ödənilməsinə dair bir neçə nümunə var: “Ən son misal Rusiyanın dondurulmuş maliyyə aktivlərinin Ukraynaya veriləcəyini göstərmək olar. Biz Qərbin Rusiyanın maliyyə ehtiyatlarının Ukraynaya transferini hansı hüquqi formada həyata keçiriəcəyinə baxmalıyıq. Bir şey aydındır - təzminat üçün əsas əsas şərt Ukraynaya qarşı təcavüz və sonradan onun ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı iddiasıdır. Bu mülahizə tam olara Azərbaycana qarşı təcavüz etmiş, ərazilərimizi işğal etmiş Ermənistana uyğun deyil. Ermənistan qanunvericiliyi Azərbaycan üçün sübut bazası təşkil edir. Azərbaycanın Ermənistan qanunvericiliyinin dəyişdirilməsi tələbi müəyyən dərəcədə İrəvanın təzminatlarla bağlı Bakının mövqeyini hansısa formada yumşaltmaq üçün mühüm məsələdir. Ancaq Paşinyan hökuməti konstruktivlik nümayiş etdirməsə, o zaman bütün bu sənədlər onu dənizin dibinə sürükləyən lövbərə çevirəcək”.

Politoloq vurğulayır ki, Paşinyanın Makronun təkliflərindən sonra “Azərbaycanla sülhün mümkünsüzlüyü haqqında” verdiyi bəyanat Bakını sülh müqaviləsi üçün yeni şərtlər irəli sürməyə vadar edə bilər.

“Qanunvericiliyin dəyişdirilməsi şərti ilə yanaşı, təzminat mövzusu da ilkin şərtlərdən birinə çevrilə bilər”, - o əlavə edib.

F.Məmmədovun sözlərinə görə, Qərb, xüsusilə ABŞ təzminat iddiaları mövzusuna böyük diqqət yetirir: “Məhz Vaşinqtonda nümayəndə heyətlərinin tərkibinə Xarici İşlər Nazirliklərində beynəlxalq məhkəmələrə qaldırılan iddialar üzrə məsul şəxslər daxil idi ki, bu da Birləşmiş Ştatların qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verirdi. Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Burada təzminat mövzusu yeni məna kəsb edə bilər. Ermənistanın təzminat ödəməyə qadir olmadığı barədə arqumenti tənqidə tab gətirmir.

Belə ki,
-Ermənistan üç il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən ölkədir;

-iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran ölkədir;

-Hindistandan və Fransadan silah almağa milyardlar xərcləyən bir ölkədir.

Yəni Ermənistanın əsaslı maliyyə qaynaqları var. Nəzərə alsaq ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq işğal illərinə görə Azərbaycandan rəsmən üzr istəməyib, o zaman çoxmilyardlı təzminatlar erməni təcavüzkarlığın qarşısını almaq üçün zəruri şərtə çevrilir”.

Politoloqun sözlərinə görə, Qərb himayədarları Azərbaycana təzminat ödəməyi öhdələrinə götürüb bu məsələdə Ermənistana kömək edə bilərlər.

“Buna nail olmaq üçün Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı. Təəssüf ki, bunsuz Ermənistanın Qərb himayədarları yerindən tərpənməyəcək, Azərbaycanın dağıdılmış şəhər və kəndlərini, azərbaycanlıların mina partlayışlarından ölməsini, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlını vecinə almırlar”, - Fərhad Məmmədov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info” 

635x100

Şərhlər

miri 2024-02-27 16:43:16

Azərbaycan indiki reallıqda olan "fürsət pəncərəsini" doğru qiymətləndirməli və sürətlə "sülh müqaviləsinə gedən yolu təmizləməlidir". Hörmətli politoloqun həmişə dediyi " yaxın gələcəkdə olan panregion idarəetmə sistemində" itirilmiş zaman ücün peşiman olmaq ehtimslı yaranmasın. Həmdə Rusiya Ukrayna məsələsində yarana biləcək reparasiya faktını hər yerdə tətbiq etmək heç də asan deyil. Baxmayaraq ki, Fərhad müəllim indi bu fikri desə də əvvəllər isə müharibənin Ukraynanın bölünməsi ilə bitəcəyini deyirdi.

Son yazılar