Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnının ölümündən sonra yayılan məlumatlar arasında belə bir iddia da var ki, onun bu yaxınlarda Almaniyada həbsdə olan rusiyalı “killer”lə dəyişdirilməsi planı mövcud olub.
“AzPolitika” xəbər verir ki, nüfuzlu “Reuters” agentliyi də bu mövzuya toxunub və öz mənbələrinə istinadla yazı dərc edib. Yazıda deyilir ki, Navalnı özünün dəyişdiriləcəyi ilə bağlı plandan xəbərdar olub və bununla razılaşıb: “Danışıqlarla tanış olan mənbə “Reuters” agentliyinə bildirib ki, məhbus mübadiləsi fevralın ortalarında baş tutmalı idi və həm Navalnı, həm də həyat yoldaşı buna razı idilər”.
Xəbərdə bildirilir ki, plana ilkin olaraq Kremlin yalnız casusluqda ittiham etdiyi “WSJ” müxbiri Evan Gerşkoviçin mübadiləsi daxil idi. Vladimir Putin onu Berlində qətlə görə cəza çəkən Rusiya FTX zabiti Vadim Krasikovla dəyişməyə hazırlaşırdı: "Amma almanlar bunun qəti əleyhinə idilər, çünki bu, Amerikanın problemi idi. Navalnı məsələsi ortaya çıxanda, nəhayət, almanlar razılaşdılar. Şolts ABŞ-yə gedəndə hər şey təsdiqləndi (O.Şolts fevralın 9-da Ağ Evdə danışıqlar aparıb). Sonra bütün bunların nə vaxt və harada baş verəcəyi ilə bağlı təfərrüatlar müzakirə olunurdu".
Lakin məlum olduğu kimi, bu “alış-veriş” baş tutmadı və Navalnı həbsxanada müəmmalı şəraitdə öl(dürül)dü.
“AzPolitika.info”


Şərhlər