BERLİNDƏ XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ DAVAM EDİR – FOTO (Yeniləndi)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.

***

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

APA-nın xəbərinə görə, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir. 

***

Fevralın 17-də Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunan razılığa əsasən, bu gün və sabah Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətləri Berlində görüşəcəklər.

“AzPolitika” xəbər verir ki, C.Bayramov dünən artıq Almaniyaya gedib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, səfər çərçivəsində xarici işlər nazirləri arasında “sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzrə” danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır.

Yaxın gələcəkdə iki ölkə arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiyaların iclası da keçiriləcək.

Xatırladaq ki, Berlində keçiriləcək danışıqlara iki gün qalmış Azərbayan lideri İlham Əliyev Xocalı sakinləri ilə görüşündə çıxış edərkən xəbərdarlıq edib: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Prezident həmçinin Ermənistanın Konstitusiyasında və müxtəlif qanunlarda Azərbaycana qarşı olan ərazi iddialarına dair müddaların dəyişdirilməsinin zəruri olduğunu bildirib. 

Bakı Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə təqdim etdiyi iddiaları da problemli hesab edir. Onların da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar olduğunu bildirib və onlardan əl çəkməyin vacibliyini vurğulayıb.

Dünən Xarici işlər naziri Ararat Mirzoyan Bakının ərazi iddialarından imtina tələblərindən danışaraq, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasının sülhə aparan yeganə yol olduğunu bəyan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan yunanıstanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı Berlin görüşündə irəliləyişin mümkün olacağına ümid etdiyini bildirib. Vaşinqton isə tərəfləri davamlı və sabit razılaşma üçün səy göstərməyə çağırıb.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar