AVROPADAN İRƏVANA YENİ “EV TAPŞIRIĞI” – Paşinyanı niyə bu qədər “yükləyirlər”?

Bu gün Avropa İttifaqının (Aİ) beynəlxalq əməkdaşlıq üzrə komissarı Juta Urpilaynen Avropa Şurasında bəyan edib ki, Aİ Ermənistanla münasibətləri bütün ölçülərdə dərinləşdirməyə sadiqdir.

“AzPolitika” bildirir ki, avropalı məmur Ermənistan və Avropa İttifaqının xarici işlər nazirlərinin iki həftə əvvəl Brüssel görüşü zamanı bəyan etdiklərini təkrarlayıb

O, bildirib ki, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər heç vaxt bu qədər güclü olmayıb və yaxın gələcəkdə daha da dərinləşə bilər.

“Oktyabr ayında bu parlamentdə Ermənistanın Baş naziri çox aydın mesaj verdi: Ermənistan İttifaqın icazə verdiyi qədər Aİ ilə yaxınlaşmağa hazırdır. Buna cavab olaraq Avropa Komissiyası bütün ölçülərdə münasibətləri dərinləşdirməyin yollarını tapmağı tapşırıb. Ötən aylarda biz bu istiqamətdə işlədik və Ermənistan-Aİ tərəfdaşlığının yeni, iddialı gündəliyinə təşəbbüs etdik”, - o bildirib.

Avropa rəsmisinin sözlərinə görə, bu gündəm üç mühüm istiqamətə əsaslanacaq:

“Birincisi, biz Ermənistana iqtisadi davamlılığı artırmağa və iqtisadiyyatı şaxələndirməyə kömək edəcəyik. Həmçinin viza rejiminin liberallaşdırılması imkanlarını müzakirə edirik və Ermənistanı bu sahələrdə lazımi islahatları həyata keçirməyə təşviq edirik.

İkincisi, Aİ-nin müşahidə missiyası və Avropa Sülh Fondu vasitəsilə təhlükəsizlik sahəsində əməkdaşlıq, üçüncüsü, investisiyaların artırılması, o cümlədən Ermənistanın regional proqramlarda iştirakıdır”, - komissar bildirib.

Avropalı diplomat qarşıdakı yolun asan olmayacağını vurğulayıb.

“Ermənistanın keçmişdə siyasi, iqtisadi və təhlükəsizlik asılılığına səbəb olan qərarları bir gündə aradan qaldırıla bilməz. Amma tərəfdaşlığımızın dərinləşməsi və genişləndirilməsi istiqamətində irəliləmək üçün hər iki tərəfdə siyasi iradə var”, - deyə o bildirib.

Avropa Parlamentinin Cənubi Qafqaz Əlaqələri Qrupunun sədri Marina Kalyurand bu qərarı dəstəkləyərək, Ermənistanın uğur qazanması üçün ona verilən “ev tapşırıqlarını” yerinə yetirməli olduğunu bəyan edib.

“Mən KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Ermənistanın Rusiyadan böyük asılılığını, eləcə də Ermənistandakı Rusiya hərbi bazasını nəzərdə tuturam”, - avropalı deputat bildirib.

Açıqlamalardan göründüyü kimi, Avropa İttifaqının əsas şərtləri Ermənistanın Rusiyanın iqtisadi, siyasi və hərbi təsir dairəsindən çıxması ilə bağlıdır. Aİ nümayəndəsi bu şərtlərin İrəvan üçün “ev tapşırığı” olduğunu bildirir və onların yerinə yetirilməsi səviyyəsinin qarşılığında Ermənistana dəstək veriləcəyini vurğulayır.

Amma Ermənistan üçün Rusiyadan qopmaq asandırmı? Bu zaman yaranacaq dərin boşluqları Avropa İttifaqı qısa müddətdə doldura bilərmi?

Ermənistan dekabrda Avrasiya İqtisadi İttifaqına sədrliyi rotasiya qaydasında ələ alıb. Ölkənin xarici ticarətinin 80 faizi bu iqtisadi birliyə daxil olan ölkələrin, xüsusi ilə Rusiyanın payına düşür. Ötən il Rusiya ilə ticarətin həcmi 7.5 milyard dollar olub ki, bu da Azərbayan-Türkiyə dövriyyəsi ilə müqayisə oluna bilər. Əməliyyatların əhəmiyyətli hissəsi sanksiyalar siyahısına düşən reeksport mallarının Qərb şirkətlərindən alınaraq Rusiyaya ötürülməsi təşkil edir, Ermənistan bu ticarətdən külli miqdarda asan qazanc əldə edir.

İkincisi, Ermənistan iqtisadiyyatı Rusiyadan enerji asılılığına malikdir, ölkədə istehlak olunan qazın 80 faizdən çoxu “Qazprom”un payına düşür. Ermənistan əsas iqtisadi tərəfdaşını dəyişirsə, o zaman yeni, sərfəli enerji mənbələri tapmalıdır, regionun enerji xəritəsinə baxdıqda yeni tərəfdaş tapmaq müşkül görünür.

Üçüncüsü, Ermənistan iqtisadiyyatını moderinləşdirə bilməyib və sovet sənayesindən qalma müəssisələrin köməyi ilə yerli xammalın (dağ-mədən sənayesi məhsullarının) hasilatı və ixracı ilə məşğuldur. Ölkənin Avropa bazarlarına çıxaracağı rəqabətqabiliyyətli, yüksək texnolgiyalara əsaslanan məhsulları azdır. Avropa İttifaqı Ermənistana bu sahədə dəstək vəd etsə də, yaxın illərdə onun reallaşması və ölkə iqtisadiyyatına dəyər qatması mümkün görünmür.

Qaldı, Aİ-nin Rusiyadan hərbi, siyasi asılılığı azaltmaqla bağlı “ev tapşırığına”, regiondakı mövcud şərait, geopolitik reallıqlar Ermənistana belə şans tanımır. Nikol Paşinyan hökuməti ritorikada təhlükəsizlik probleminin diversifikasiyasından danışır, amma onu reallaşdırmaq üçün potensialı yoxdur. Ermənistanın bu gün gücü ancaq KTMT-də fəaliyyətini “dondurmağa” çatır. Bir də spiker Alen Simonyan İrəvan hava limanındakı rus rəhədçilərinə “getməlidirlər” deyə bilir. Erməni rəsmiləri Rusiya hərbi bazalarının, dövlət sərhədlərindəki rus sərhədçilərin ölkədən çıxarılmasını dilinə belə gətirə bilmir.

Maraqlıdır, Aİ rəsmiləri reallıqları bilə-bilə Paşinyan komandasını niyə bu qədər “yükləyir”? Günün birində onun dizinin yerə gələcəyini proqnozlaşdıra bilmirlər, yoxsa onlara öz maraqları üçün elə belə nəticə lazımdır?!

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Firuz 2024-02-28 20:24:47

İrəvana Avropadan.azərbaycana isə Rusiyadan ev tapşırığı gəlir.Azərbaycan isə Türkiyəni aldadır.

Son yazılar