“TƏLƏBAT ARTIR, ÇAYLARDA SULULUQ AZALIR...” – Komitə sədri içməli suyun keyfiyyətində yaxşılaşma olduğunu deyir

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun dinləmədəki çıxışını təqdim edirik:

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Etibarlı su təchizatına nail olunması yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələdir. Qlobal iqlim dəyişikliyinin təsirlərinin müşahidə olunduğu indiki dövrdə su qıtlığının dünya ölkələrində yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu, su təhlükəsizliyinin ölkənin milli təhlükəsizliyi olduğunu demək mümkündür. Su qlobal əhəmiyyətə malik strateji silahdır. Lakin dünya əhalisi artıqca bu nemət tükənməyə başlayır. Nəzərə alsaq ki, dünyadakı su ehtiyatlarının yalnız 2 faizə qədəri şirin sudan ibarətdir və bunun üçdə ikisi buzlaqlardan cəmləşdiyindən planet sakinlərinin istifadəsi üçün əlçatmazdır. Su resursları regionlar və dövlətlər arasında qeyri-bərabər paylanıb. BMT-nin xüsusi araşdırmalarına əsasən, dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq. Statistik məlumatlara görə, dünya əhalisinin 3 milyarda yaxını hər gün içməli su qıtlığı çəkir. Tükənmək üzrə olan su qaynaqları sənayeləşmə və şəhərləşmə nəticəsində çirkləndirilir və istifadəyə yararsız hala salınır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun apardığı tədqiqatlar zamanı gəldikləri nəticəyə görə, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Azərbaycan da bu cəhətdən istisna deyil...

Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir. Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil.

Proqnozlara görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir.

Qeyd edək ki, Cənab Prezidentimizin göstərişi ilə son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri həyata keçirilir. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır, bu layihə olmasaydı, Bakı şəhəri ciddi su problemləri ilə üzləşə bilərdi. Taxtakörpü su anbarının tikintisi də həmçinin. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir və Bakının su probleminin həll olunmasında xüsusi rol oynayır.

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, eyni zamanda Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır. Son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarlarının tikintisi bu sahədə görülən işlərə bir töhfədir. Bildiyimiz kimi, Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb və proses davam etdirilir.. 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyanın hazırlanması da ölkə rəhbərliyinin respublikamızda su təchizatının daha da yaxşılaşdırılmasına verdiyi ciddi önəmin təzahürüdür. Məhz dövlət başçısının hakimiyyət illərində istifadəyə verilən Taxtakörpü, Şəmkirçay su anbarları, Samur-Abşeron su sistemi, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına hazırda tikintisi həyata keçirilən Suqovuşan, Xaçınçay, Köndələnçay, Qız qalası, Həkəriçay, Bərgüşadçay, Zabuxçay su anbarları və onlardan qidalanan kanalların inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bütün bunlar uğur göstəriciləridi.

Lakin bütün bu görülən işlərlə yanaşı problemlərimiz də az deyil. Su itkiləri hələdə çox yüksək olaraq qalır. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var.

Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələdə başa çatmayıb (90%)-dır. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır...

Sadəcə olaraq onu bildirmək istərdim ki, bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi önə çıxmalıdır. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Həm içməli, həm də meliorasiya suyunda problemlər var.

Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı artırmaq üçün xüsusi təbliğat və təşviqata ehtiyac var.

Bu məsələlərlə bağlı təkliflərimiz var, sonda təqdim edəcəyik.

Hacıqabul gölü ilə bağlı da sizə məlumat vermək istərdim. Belə ki, Komitəmiz tərəfindən bununla bağlı araşdırmalar aparılmış, Nazirlər Kabinetinə müraciət olunmuşdur və islər müsbət istiqamətlə irəliləyir....(qısa arayış)

Suyun keyfiyyəti isə başqa bir məsələdir.

Respublika ərazisində əhalinin içməli su təchizatı üzərində 2023-cü il ərzində aparılan dövlət sanitariya nəzarəti barədə məlumat

Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə, eyni zamanda göstəricilərinə görə 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə tam cavab verməsə də, müqayisədə böyük irəliləyişə nail olunmuşdur.

Lakin qeyd etmək istərdim ki, dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, su infrastrukturunun təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq su istifadəçiləri tərəfindən suyun səmərəli istifadəsindən də asılıdır. Bu istiqamətdə hər bir fərd, hər bir su istifadəçisi olaraq maariflənməli, ənənəvi sudan istifadə vərdişlərini dəyişdirməli, su itkilərinə yol verilməməsinə qarşı məsuliyyətli olmalıyıq. Hər bir vətəndaş bugün məişət və ya kənd təsərrüfatında onun qənaət etdiyi hər damcı su ilə gələcək illər, gələcək nəsillər üçün davamlı su ehtiyatının yaradılmasında birbaşa rol oynadığını bilməlidir.

Sonda xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi artıq təsdiq edilib. Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.

Bu işlərin həyata keçirilməsində Su Ehtiyyatları Agentliyinin də əməkdaşlarının və rəhbərliyinin yorulmadan çalışacağına əminəm və uğurlar arzulayıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar