Bu gün Müsavat başqanı Arif Hacılı və bu partiyanın başqanlığına sabiq namizəd, iqtisadçı alim Qubad İbadoğlu bir araya gəliblər.
Bu barədə musavat.com-a Müsavatdakı mənbələrdən biri məlumat verib. Hazırda partiyanın sonuncu qurultayının nəticələrindən narazı qalan müsavatçıların lideri kimi tanınan Qubad İbadoğlunun başqan Arif Hacılı ilə partiya qərargahında təkbətək görüşdüyünü bizə çatdıran təşkilat fəalının ilkin məlumatı sonradan təsdiqlənib.
Qubad İbadoğlu musavat.com saytının müxbirinə bu faktı təsdiqləyib. O, deyib ki, görüş partiyanın qərargahında baş tutub. Görüşdə əsasən son zamanlar yaranmış böhranlı vəziyyət müzakirə olunub:
"Görüş ikimizin arasında baş verdi. Təşəbbüs Arif Hacılıdan gəlmişdi. Maraqlı və faydalı müzakirələr oldu. Razılaşdığım və razılaşmadığım məqamlar var. Lakin istənilən halda, bu görüşü müsbət və faydalı qiymətləndirirəm. Mənim tərəfimdən hazırlanan və barışıq paketi kimi tövsif olunan təklifləri bir daha səsləndirdim. Partiyadan çıxarılanların məsələsi xüsusi müzakirə edildi. Mən bu barədə arqumentlərlə razılaşmasam da, inanıram ki, partiya rəhbərliyi mövzuya korrektələr edəcək".
Qubad İbadoğlu qeyd edib ki, o, partiyada qalacaq, heç bir seçkili orqanda, vəzifədə təmsil olunmasa da, bacardığı qədər təşkilatına faydalı olmağa çalışacaq.
O, deyib ki, Müsavat Partiyasında qalmaqla, ictimai hərəkat yaratmaq qərarı verib, proses artıq başlayıb.
Görüş barədə Müsavat başqanı Arif Hacılı da danışıb. O, musavat.com-a deyib ki, görüşü pozitiv qiymətləndirir.
Mövzuya dair gəlişmələr olduqca, oxuculara çatdıracağıq.


Şərhlər