İlham Şaban: “Yaxın dövr üçün təşvişə əsas yoxdur”
Dünya bazarında “qara qızıl”ın qara günləri yaşanır. Neftin qiyməti son üç ayda 90 dollarlıq psixoloji həddi keçərək 112 dollardan 68 dollara düşüb. Neftin bu sürətlə ucuzlaşmasının səbəbi isə OPEC-in gündəlik hasilatı 30 milyon bareldən aşağı salmaması oldu. Bu qərardan sonra dünya bazarında neft daha 6 faiz ucuzlaşaraq növbəti psixoloji həddi keçdi. İqtisadçı analitiklərin proqnozlarına görə, neftin qiyməti növbəti il bir qədər də ucuzlaşaraq 60 dollara enəcək. Qeyd edək ki, neftin ucuzlaşmasının səbəblərindən biri də Qərbin Rusiyaya enerji daşıyıcıları üzərindən tətbiq etdiyi sanksiyalardır.
Bəs görəsən, bu prosesdə müxtəlif şirkətlərin gəlirlərinə necə təsir edəcək? Dövlət büdcəsinin neftdən asılılığını nəzərə alsaq Azərbaycan bu neft böhranında nə itirir? Xatırladaq ki, ölkəmizdə büdcənin 70 faizi birbaşa neftdən asılıdır. İxracın 95 faizdən çoxunu isə neft və qaz məhsulları təşkil edir. Bu məhsulların ucuzlaşması büdcənin gəlirləri ilə bağlı problem yarada bilərmi? Növbəti ilin dövlət büdcəsində neftin qiymətinin 90 dollardan hesablanması 2015-ci il üçün ölkəmizə və vəd edir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a müsahibəsində bildirib ki, hazırda neftin qiyməti idarə olunmaz həddə intensiv dəyişir.
- İlham bəy, neftin ucuzlaşması hansı həddə qədər davam edə bilər?
- Hazırda elə bir maraqlı situasiyada yaşayırıq ki, neft gün ərzində 2 dollar ucuzlaşır, 4 dollar bahalaşır. Müxtəlif informasiyalar neft birjalarında qiymətlərə təsir edir. Müxtəlif ölkələrdə neftlə bağlı hesabatların açıqlanması ilə qiymətlər dəyişir. Neft dünyada yeganə xammaldır ki, onun qiyməti çox tez müxtəlif təsirlərə məruz qalır və adekvat reaksiya verir. Hətta iqlimə dair informasiyalar belə neftin qiymətinə təsir edə bilir. Bu baxımdan da hətta 2008 -2009-cu illərdə proqnozlarla çıxış edən təhlil mərkəzləri, şirkət rəhbərləri indi proqnoz verməyə çəkinirlər. Artıq nə BP-nin prezidenti, nə də böyük bankların təhlilçiləri belə bir yükü alına girmək istəmirlər. Beyin mərkəzləri müxtəlif təhlillər verirlər, ancaq onların arasında da çox böyük fərq var. Hətta bəziləri 2015-ci il üçün neftin qiymətini 30 dollardan proqnozlaşdırırlar. Növbəti il üçün neftin qiymətini 65 dollar, 80 dollardan hesablayanlar var. Məsələ ondadır ki, şirkətlərin özləri də proqnozlara malikdir. Bu proqnozlar ondan ibarətdir ki, hansı qiymətlər hansı yataqdan çıxarılan neftin qiyməti üçün mənfəətlidir. Şirkətlər neftin bir barelinin mənfəət gəlirini, bütün xərcləri çıxdıqdan sonra 10-20 dollar arasında hesablayırlar. Yəni bu ucuzlaşma neft şirkətləri üçün öldürücü təsirə malik deyil. Bu daha çox hökumətlərin büdcəsinə təsir edir. Müxtəlif neft şirkətlərindən vergi yolu ilə büdcəyə daxil olan gəlirlər azalır və dövlətlər büdcə xərclərini ödəməkdə çətinlik çəkirlər və nəticədə təlatümlər yaranır”.
- Dünya bazarında neftin ucuzlaşması, büdcəsi neft gəlirlərindən asılı olan ölkələrə, o cümlədən Azərbaycana necə təsir edəcək? Növbəti ildə büdcə xərcləri ilə bağlı problem yaşana bilərmi?
- Maliyyə naziri Samir Şərifov deyib ki, neft 60 dollara kimi də ucuzlaşsa, bizim üçün elə bir problem yaratmayacaq. Mən deyə bilərəm ki, neftin qiyməti 40 dollar da olsa Azərbaycan üçün təlatümlü bir proses yaşanmayacaq. Çünki bəzi ölkələrdə hasilat özəl şirkətlər tərəfindən həyata keçirilir, özəl şirkətlər büdcəyə vergi ödəyirlər və büdcənin gəlirləri də həmin büdcələrdən formalaşır. Əgər bu vergilər büdcənin 50%- ni formalaşdırırsa, şirkətlərin gəlirləri iki dəfə azalanda büdcəyə gələn gəlir də iki dəfə azalır.
Azərbaycanda isə büdcə vəsaitlərinin 53,5% -ni Neft Fondundan götürülür. Hazırda orada kifayət qədər vəsait var. Neftin qiyməti istər 10 dollar olsun, istər 100 dollar olsun, bunun büdcə üçün fərqi yoxdur.
Neft Fondu Azərbaycanda xəzinə funksiyasını daşıyır, oradan pul götürülür, büdcəyə verilir və bütün xərclər o vəsait hesabına ödənilir. Hazırda əsas dövlət xərclərinin həcmi 5 milyard manatdır. Neft Fondundan transferin həcmi isə 10,3 milyard təşkil edir. Deməli, gələn ilin bütün xərclərini sadəcə Neft Fondundan ayırmalar hesabına tam şəkildə ödəmək mümkün olacaq. Sadə insanların həyatına neft gəlirlərinin azalması heç bir təsir etməyəcək. Çünki Maliyyə Nazirliyi bütün xərcləri Neft Fondu hesabına təmin edəcək. Neft Fondundan transfertlərin çoxalmasının mənfi təsirləri isə ondan ibarətdir ki, ehtiyatdan xərcləyirik. Düzdür, 2008-ci ildə biz daha dramatik vəziyyətlə qarşılaşmışdıq. Ancaq hazırkı durumun o 2008-ci ildən fərqi odur ki, o zaman ölkənin neft hasilatı artan xətt üzrə inkişaf edirdi, indi isə azalan xətt üzrə gedir.
- Azərbaycanda neft gəlirlərində nə qədər azalma müşahidə olunur?
- Cari ilin iyul ayı ilə müqayisədə dünya bazarında neftin orta qiyməti dəyərini artıq 32% itirib. Bunun təsirləri ilk növbədə özünü Neft Fonduna gələn mənfəət neftinin dəyərində göstərir. Hələ ki, Azərbaycanda bunu nə Dövlət Neft Fondu, nə də əhali öz üzərində hiss etmir. 2014-cu ilin 9 ayının yekunlarına görə, Neft Fonduna mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat vəsait daxil olmuşdusa, ötən ilin yanvar-sentyabrında bu rəqəm 9 766,8 milyon manat olub. Bu isə ondan irəli gəlib ki, iyun ayında Azərbaycan neftinin orta ixrac qiyməti çox yüksək olub, yəni 115 dollara yaxın. Belə vəziyyət Neft Fonduna gələn gəlirlərin artım səviyyəsinə təsir edib. Sentyabr ayından gəlirlər azalmağa başlayıb. Noyabr ayında gəlir səviyyəsi avqust ayı ilə müqayisədə 1 milyardı ötüb. Bu isə onunla bağlı olub ki, həm neftin qiyməti avqust ayı ilə müqayisədə 25%-dən çox ucuzlaşıb, həm də "Azəri-Çıraq-Günəşli" yataqlarındakı ən iri platforma - "Mərkəzi Azəri" 27 gün modernizasiya işləri ilə əlaqədar hasilatını dayandırıb. ARDNŞ faktiki olaraq neftin dünya bazarındakı qiymətindən o qədər də asılı deyil. Çünki, onun əsas gəlir mənbəyi daxili bazardandır. ARDNŞ gəlirlərinin yarısından çoxu daxili bazarda formalaşır. Bu baxımdan qısa müddətli dövr üçün, yəni qarşıdakı bir-iki il ərzində neftin qiyməti minimum da olsa bu büdcə xərclərinə təsir etməyəcək”.
- Neftin ucuzlaşması ilə paralel olaraq bir çox ölkələrdə benzin də ucuzlaşdı. Bəs, Azərbaycanda niyə bu baş vermir?
- Neftin qiymətinin ucuzlaşması birbaşa olaraq, benzinin də ucuzlaşmasına səbəb olub. Artıq əksər dünya ölkələrində, Avropada, Amerikada, hətta Gürcüstanda belə benzin ucuzlaşıb. Bu məsələni mütləq ictimailəşdirmək lazımdır ki, əgər bunu xaricdən gətirirlərsə və buna monopoliya yoxdursa, onda niyə bizdə ucuzlaşma baş vermir. Çünki Azərbaycanda daxili bazarda benzinin qiyməti bazar iqtisadiyyatı qanunları ilə deyil, dövlət tərəfindən tənzimlənir.


Şərhlər