Məlum olduğu kimi, fevral ayında Rusiya hərbi aviasiyası Ukraynada ciddi itkilər verib. Ukrayna ordusu rəsmilərinin bildirdiyinə görə, bu gün də həmin itkilər davam edir və martın 2-də Rusiyanın daha bir “Su-34” təyyarəsi məhv edilib.
“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Rusiyanın “Su-34” itkilərinin statistikasını paylaşıb. Bu təyyarələri “toyuq hininə” bənzədən mütəxəssis qeyd edib ki, ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri Rusiyanın 11 ədəd “Su-34” qırıcı-bombarmançısını vurub.
Kovalenkonun proqnozuna görə, Rusiya taktiki aviasiyasının məhv edilməsi prosesi bu cür uğurla davam etdirilsə, Rusiya Federasiyası “Su-34” resursunu bir-iki aya tükəndirəcək: “Bu gün Rusiya Aerokosmik Qüvvələrində 80-ə yaxın döyüşə hazır “Su-34” var. Eyni zamanda, demək olar ki, onların hamısı Ukraynaya idarə olunan bombalarla zərbələr endirmək üçün istifadə olunur. Martın 1-də gün ərzində 60 “Su-34”dən istifadə olunub. Yəni, “Su-34”ün əsas hissəsi məhz bizim istiqamətimizdə cəmləşib”.
Kovalenko əlavə edib ki, nə vaxtsa Rusiya “Su-34” çatışmazlığını “Su-24” və ya “Su-30” ilə kompensasiya etməli olacaq. Onlar isə daha zəif texniki göstəricilərə malikdirlər.
“AzPolitika.info”


Şərhlər
Bu xəbər avdüiv şəhərinin itirilməsi fonunuda tez tez səslənir görünənnodurki ukrayna klonları cəbhdəki uğursuzluğu rus qırıcılarını vurduq deyə xəbər çıxararaq bir növ xalqı aldatmaqla məşğuldurlar rusiya ukraynanı viran qoyub altını üstünə çevirib bunlarda qırıcı vurub aləmə car çəkirlər