“İran Air” aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə birbaşa uçuşları müvəqqəti dayandırıb. Bunu “Trend”ə “İran Air”in Bakı ofisindən bildiriblər.
Məlumata əsasən, uçuşlar fevralın 1-də bərpa olunacaq. “İran Air”in Bakı ofisi uçuşların dayandırılmasının səbəbini açıqlamayıb.
Məlumatlı mənbənin “Trend”ə bildirdiyinə görə, Tehran-Bakı-Tehran birbaşa uçuşlarının dayandırılması Həcc mövsümü ilə bağlı “İran Air” aviaşirkətinin təyyarələrinin Məkkədə olan zəvvarları daşıması ilə əlaqədardır.
Mənbə bildirib ki, uçuşlar fevralın 1-dən əvvəlki qaydada həyata keçiriləcək.
“İran Air” aviaşirkəti hər həftənin ikinci və dördüncü günləri Bakıya uçuşlar həyata keçirirdi.
Yaxın vaxtlarda açılması gözlənilən Bakı-Məşhəd aviareysinə gəlincə, məlumatlı mənbə “Trend”ə deyib ki, bu reys üzrə uçuşlara başlanması ilə bağlı danışıqlar son mərhələdədir: “İşlər tamamlanmaq üzrədir və tezliklə Bakı-Məşhəd reysi üzrə uçuşlar həyata keçiriləcək”.


Şərhlər