RUSİYANIN PATRUL GƏMİSİ BATIRILDI - Krım körpüsündə hərəkət dayandırılıb + VİDEO

Gecə saatlarında işğal olunmuş Krımda partlayışlar baş verib.

“AzPolitika” xəbər verir ki, ilk olaraq Rusiya telqram kanalları Rusiyanın daha bir hərbi gəmisinin batırıldığı barədə məlumat yayıblar. 

Həmin məlumatlarda Rusiya Qara Dəniz Hərbi Donanmasına aid "Sergey Kotov" hərbi katerinin Ukrayna PUA-ları ilə vurulduğu və gəminin batdığı bildirilir. Gəmi heyətinin taleyi məlum deyil.

Kremlə yaxın təbliğat kanalları da məlumatı təsdiqləyiblər və Rusiya donanmasının belə sürətlə itirilməsinə görə narazılıqlarını gizlətməyiblər.

“Çərşənbə axşamı, martın 5-nə keçən gecə Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus PUA-lar Rusiyanın "Project 22160" patrul gəmisi "Sergei Kotov"u vurub”. Bunu isə “Ukrayinska Pravda” nəşri xəbər verib. 

Qəzet bu məlumatın Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbələr tərəfindən təsdiqləndiyini yazıb. Əməliyyatı Ukrayna hərbi kəşfiyyatının həyata keçirdiyi bildirilir. Hadisənin bütün təfərrüatları və gəminin sonrakı taleyi hələ dəqiqləşdirilir.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Ermak da “Sergey Kotov”un batıtırldığını təsdiqləyib: "Rusiyanın Qara dəniz donanması işğalın simvoludur. O, Ukrayna Krımında ola bilməz".

Bu arada, Rusiya kanalları “Sergei Kotov”un PUA ilə vurulmasını əks etdirən videolar paylaşıblar. Kadrlarda atışma səsi eşidilir, daha sonra PUA-nın gəmiyə dəydiyi görünür - partlayış baş verir.

Eyni vaxtda qeyd olunur ki, Krım körpüsü nəqliyyatın hərəkəti üçün bağlanıb. Artıq qatarların hərəkətinin dayandırıldığı elan edilib. Ən azı doqquz qatarın səfəri təxirə salınıb.

Həmçinin, qeyd olunur ki, martın 5-nə keçən gecə işğal olunmuş Kerçdə güclü partlayışlar baş verib. Yerli sakinlər deyirlər ki, partlayışlar şəhərin müxtəlif yerlərində eşidilib. Rusiyanın teleqram kanalları bildirir ki, saat 23:30 radələrində Kerçin müxtəlif ərazilərində 3-5 güclü partlayış səsi eşidilib. Beş dəqiqə sonra Krım körpüsündə avtomobillərin hərəkəti kəsilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar