Tanınmış siyasi xadim, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” adlı ikinci kitabı işıq üzü görüb.
“AzPolitika” xəbər verir ki, “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” siyasi, idarəçilik, diplomatik, hərbi, kəşfiyyat və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub.
Kitabdan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət, xüsusilə milli ideologiya və milli-ideoloji siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər.
Ümumiyyətlə bu kitab milli ideologiya və milli-ideoloji siyasətlə maraqlanan hər bir şəxs üçün maraqlı və faydalı ola bilər.
Kifayət qədər böyük həcmi (983 səh.) olan bu kitab üç bölümdən – “Milli birlik”, “Milli birliyin əsasları” və “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” bölümlərindən ibarətdir.
Müəllif hesab edir ki, artıq Azərbaycan Respublikasında milli ideologiyanın və milli-ideoloji siyasətin işlənib hazırlanması, rəsmi qəbul edilməsi və davamlı həyata keçirilməsi və beləliklə, milli birliyin milli-ideoloji əsasının – vətəndaş, millət və milli dövlət mərkəzli, milli ideoloji sistemin yaradılması dövlətimiz qarşısında amiranə bir tələb kimi kəskin şəkildə durmuşdur.
Kitabın sonunda milli ideologiyanın və milli-ideoloji siyasətin həm ümumi, həm də xüsusi əsas şüarlarını verən müəllif hesab edir ki, mövcud durumda Azərbaycan Respublikasının başlıca ümumi şüarı “Demokratikləşməli, milliləşməli və millətləşməli!” olmalıdır.
Millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun.
“AzPolitika.info”



Şərhlər