“Paşinyan hökumətinin yarıtmaz addımları elə bir vəziyyət yaradıb ki..."

“Sui-qəsd nəzəriyyəçiləri Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana çağırışı və həmin gün Baş nazir Mixail Mişustinin Bakıya səfəri arasında əlaqə tapacaqlar və müəyyən dərəcədə yanılmayacaqlar da. Bir əlaqə var - bu, Rusiyanın bölgədəki siyasətidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov regionda gedən prosesləri şərh edərkən deyib.

Ekspert ötən həftə rusiyalı ekspertlərin Moskvanın Ermənistandan minimum gözləntilərini ifadə etdiyini xatırladır: “Rusiyadan silah almırsınız? Yaxşı, almayın, amma KTMT-ni tərk etməyin! Rusiyanı məhdudlaşdıran addımlar atmayın! Zelenskini qəbul etməyin! KTMT tədbirlərində iştirak etməyin və Allah yardımçınız olsun! Amma KTMT sənədlərini imzalayın, təşkilatı bürokratik iflic vəziyyətinə salmayın! Deyəsən, dünən Lavrov Mirzoyana məhz bu sualları verib”.

Politoloq bildirir ki, Mirzoyanın cavablarından asılı olaraq Rusiya Ermənistanda və bütövlükdə regiondakı siyasətini formalaşdıracaq: “Paşinyan hökumətinin yarıtmaz addımları elə bir vəziyyət yaradıb ki, sülh müqaviləsi ilə bağlı hər hansı addım anti-Rusiya fəaliyyət kimi qiymətləndirilir. Moskva suallarına aydın cavab almalıdır ki, Ermənistanla bağlı hansı qərarı verəcəyini müəyyənləşdirsin: Paşinyanı necə cəzalandırmalı?! Ermənistanın cəzalandırılması prosesində əsas tərəfdaş kim olacaq?! Hər iki sual aktualdır”.

F.Məmmədovun sözlərinə görtə, Paşinyanı cəzalandırmaq üçün Rusiyanın bir neçə rıçaqları var, bunlar əsasən iqtisadi əlaqələrlə bağlıdır: “Burada iqtisadi artımı aşağı salmaq üçün Rusiya xüsusi olaraq işləməlidir. Bunu elə etmək lazımdır ki, günah hökumətin üzərində qalsın. Məsələn, Paşinyanla əlaqəsi olan sahibkarların iqtisadi fəaliyyətinə, transferlərinə və ticarət dövriyyəsinə zərbə vurula bilər. Həmçinin hakim elitanı parçalamaq cəhdi də olacaq.

Bəzi ekspertlər qeyd edirlər ki, ən radikal variant Rusiya hərbçilərinin iştirakı ilə çevriliş olar. Bəs bunu kiminlə və necə etmək lazımdır?! Parlamentin güllələnməsinin təkrarı ola bilərmi?...”

Ekspert qeyd edir ki, bəziləri Paşinyanın cəzalandırılması prosesində Azərbaycanın da iştirak edəcəyini iddia etsələr də, Bakı dəfələrlə Ermənistana hücum etmək niyyətində olmadığını bəyan edib: "Ermənistanın Baş Qərargah rəisi də şərti sərhədin Azərbaycan tərəfində qoşun cəmləşdirməsinin olmadığını təsdiqləyib. İran burada Rusiyanın tərəfdaşı ola bilər. Ermənistandakı son anti-İran fəaliyyətləri Tehranın Paşinyandan getdikcə daha çox məyus olduğunu nümayiş etdirir. Əgər Rusiya Ermənistanda iştirakını məhdudlaşdırmalı olsa, o zaman bunu Qərbin deyil, Azərbaycan-Türkiyə tandemi və ya İranın xeyrinə etməsi məntiqlidir. Ermənistan xarici qarantlara marağı və qərbyönlü ritorikası ilə Rusiya və İranı özünə qarşı daha da konsolidasiya edib”.

Politoloq hesab edir ki, bu şəraitdə aydın xarici siyasət prioritetlərinin elan olunması Ermənistan hökumətinin sabitliyinin göstəricisi olmalıdır: “Elan edilmiş referendum, mümkün növbədənkənar parlament seçkiləri və mümkün sülh müqaviləsinin imzalanması Ermənistanda gözlənilməz nəticələrə səbəb olan daxili siyasi münaqişələri tətikləyə bilər. Paşinyan bu prosesləri bir araya gətirdi və indi anlamaq çətindir ki, o daxili və xarici təzyiqlərə tab gətirəcəkmi?”

Fərhad Məmmədovun sözlərinə görə, vəziyyətdən çıxış yolu Ermənistan Ali Sovetinin 1992-ci ildə qəbul etdiyi qərarların ləğvi ola bilər.

“Bu addım atılarsa, İrəvanın öz niyyətləri ilə bağlı açıq siqnal olacaq. Paşinyanın partiyası Ermənistan parlamentində çoxluğa malikdir, məsələnin həlli onun səlahiyyətindədir”, - ekspert qeyd edib.

“AzPolitika.info”