Menu

Rauf Arifoğlu “Azadlıq” və AXCP-ni məhkəməyə verir -AXCP-dən ağır cavab gəldi

02.12.2014, 21:46
Rauf Arifoğlu “Azadlıq” və AXCP-ni məhkəməyə verir -AXCP-dən ağır cavab gəldi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir. Bu barədə Trend-ə eksklüziv açıqlamasında R.Arifoğlu bildirib.R.Arifoğlu bildirib ki, bu qəzet onu davamlı təhqir etdiyi üçün bu addımı atır: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib. Mənə qarşı təhqirlər aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzetini, daha sonra isə məni və valideynlərimi sosial şəbəkələrdə təhqir edən AXCP fəallarını məhkəməyə verəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər.

Əgər bu təhqirlər durmasa, söyüş söyən bir sıra AXCP üzvlərinə qarşı xüsusi ittiham qaydasında da iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".

AXCP-dən də "Yeni Müsavat"ın baş redaktoruna cavab gəlib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı azadlıq.info-ya Rauf Arifoğlunun bu hədəsini hakimiyyətin növbəti planı kimi dəyərləndirib: "Bu iqtidar çox amansızdır. Kim ki, yaxasını onun əlinə verir, bundan sonra siyasi mövqeyi dəyişir, öz gəldiyi yola dönüklük edir. Ancaq məsələ heç bununla da bitmir, bu iqtidarın xidmətinə keçənlər insanlığı bitənə qədər istismar edilir,cəmiyyətin gözündən salınır.

Gözümüzün qabağında Hafiz Hacıyev nümunəsi var. İndi də Rauf Arifoğlu nümunəsi yaranır. Neçə gündür ki, bu adam AXCP-ni, Əli Kərimlini təhqir edir, böhtanlar yağdırır. Ancaq görünür hakimiyyət daha artığını tələb edir. Vaxtilə bu iqtidara qarşı yazdıqlarının qisasını hakimiyyət indi onu insan kimi bitirməklə alır. İndi də bu adam AXCP fəallarını və "Azadlıq" qəzetini məhkəməyə verir. Azərbaycanda məhkəmələrin siyasi sifariş yerinə yetirdiyi, represiya aləti olduğu hər kəsə məlumdur. Son vaxtlar AXCP rəhbərliyinə daxil olanların şərlənib tutulduğu məlumdur, görünür daha cibə narkotik qoymaq, dalaşdırıb həbs etmək limiti bitdiyi üçün AXCP-yə qarşı siyasi represiyaları Rauf Arifoğlunun vasitəsi ilə davam etdirməyə qərar veriblər.

Elman Türkoğlunun əli ilə Xədicə İsmayılı, Rauf Arifoğlu vasitəsi ilə də AXCP fəallarını, "Azadlıq" qəzetini məhkəməyə vermək iqtidarın siyasi represiya planının yeni mərhələsidir.

Təhqir edib böhtan atmaq yetmədi bu adam üçün, indi də "iş vermək", üzə durmaq sahəsində "qabiliyyətini" sınamaq istəyir. Bir deputat mandatının bədəli nə ağır oldu!?".

"Azadlıq" qəzeti  Rauf Arifoğlunu Əli Kərimliyə böhtan atmaqda da ittiham edibi:  "Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib", - deyə baş redaktor iddia edib. Halbuki AXCP sədri 25 illik siyasi fəaliyyəti dövründə heç bir media orqanını və jurnalisti məhkəməyə, prokurorluğa verməyib. Hər halda hansısa media orqanı və jurnalist bunu iddia edə bilməz. AXCP mətbuat xidməti aydınlaşdırır ki, Əli Kərimli yalnız bir dəfə - 1999-cu ildə "Yeni Müsavat" qəzeti onu xarici kəşfiyyat orqanına işləməkdə ittiham edəndə prokurorluğa bu məsələnin araşdırılması ilə bağlı müraciət edib. Həmin müraciətdə nə qəzet, nə də müəllif barədə tədbir görülməsi tələb olunmayıb. Sadəcə Əli Kərimli bu ittihamın araşdırılıb münasibət bildirməsini istəyib. Prokurorluq isə AXCP sədrinin müraciətinə cavab olaraq bildirib ki, "Yeni Müsavat"ın ittihamları əsassızdır, onun qəzeti məhkəməyə vermək hüququ var. "Yeni Müsavat" qəzeti də prokurorluğun cavabından sonar təkzib vermək məcburiyyətində qalıb. Əli Kərimli isə bununla kifayətlənib və qəzeti məhkəməyə vermək hüuqundan istifadə etməyib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol