Moskva raket zərbəsi ilə Ukrayna hərbi texnika karvanının məhv edilməsinin videosunu nümayiş etdirib.
“AzPolitika” xəbər verir ki, Rusiya vurulan hədəflərin S-300 zenit-raket kompleksi olduğunu bildirib. Amma hərbi analitiklər “Patriot” hava hücumundan müdafiə sisteminin hücuma məruz qaldığını istisna etmirlər.
Videonu martın 9-da səhər saatlarında Rusiya Müdafiə Nazirliyi yayıb. Bu video raketin hərəkət edən konvoya dəydiyini və ehtimal ki, konvoy tərəfindən daşınan döyüş sursatı nəticəsində ikinci dərəcəli partlayışları göstərir.
Məlumatda S-300 kompleksinin Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında vurulduğu bildirilir. Daha sonra bu hücumun yeni, daha keyfiyyətli videosu ortaya çıxdı ki, bu da məhv edilmiş texnikanın Amerika hava hücumundan müdafiə sisteminin olduğunu müəyyən etməyə imkan verir.
Yayımlanan görüntülərə əsasən, kompleksin üç maşını sıradan çıxarılıb. Onlardan ikisi əksər analitiklər tərəfindən buraxılış qurğusu kimi müəyyən edilir, üçüncüsü, ehtimal ki, radar ola bilər. Kiyev zərbələrlə bağlı şərh verməyib.
Ötən may ayında Rusiya Kiyevdəki “Patriot” kompleksinin mövqelərinə hücum edib. Moskva beş buraxılış qurğusunun və bir radarın məhv edildiyini açıqladı. Pentaqon daha sonra kompleksin zədələndiyini, lakin tez bir zamanda xidmətə qaytarıldığını bildirib.
Müharibə başlayandan Ukrayna bu cür hava hücumundan müdafiə sistemlərinin ən azı bir batareyasını ABŞ-dən, ikisini isə Almaniya və Hollandiyadan alıb. Bir batareyada 8-ə qədər raket buraxılış qurğusu ola bilər. Ukrayna Prezidenti Volodimir Zelenski yanvarda qeyd edib ki, Kiyevin bu cür silahlara daha çox ehtiyacı var.
“Patriot” hava hücumundan müdafiə sistemi 1982-ci ildə ABŞ tərəfindən silahlanmaya qəbul edilib və o vaxtdan bəri bir neçə dəfə təkmilləşdirilib. Bir batareyanın qiyməti təxminən 1 milyard ABŞ dolları təşkil edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər