Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Qazaxıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər