“Putin danışıq yox, kapitulyasiya istəyir...Qərb bundan artığını edə bilməsə, məqsədinə çatacaq"
Son zamanlar Vladimir Putinin guya Ukrayna ilə danışıqlara hazır oduğunu tez-tez təkralaması onun əsl niyyətlərinin gizlədilməsinə xidmət edir. Bunu həm Ukraynada, həm də Qərbdə bir çoxları yaxşı anlayır. Lakin Putinin “danışıqlar çağırışı”na inananlar və Ukraynaya təzyiq edənlər də kifayət qədər çoxdur.
“AzPolitika” xəbər verir ki, Almaniyanın tanınmış “Bild” nəşri Vladimir Putinin Kreml təbliğatçısı Dmitri Kiselyovla müsahibəsində səsləndirdiyi fikirləri təhlil edən maraqlı yazı dərc edib.
Həmin müsahibədə Putinin dediyi bir fikir almaniyalı jurnalistlərin diqqətini cəlb edib.
Putin deyib: “Onların(ukraynalıların) patronları bitdiyi üçün indi danışıqlar aparmaq bizim tərəfimizdən bir növ gülünc olar”.
“Bild”in köşə yazarı Filipp Pyatov bildirir ki, bu cümlə Putinin bu müharibə ilə bağlı gerçək anlayışlarını, ukraynalılara yanaşmasını və son məqsədini aydın ifadə edir: “Bu bir cümlə aydın göstərir ki, Putin hücum etmək, Ukraynanı məhv etmək və Ukrayna xalqını əsarət altına almaq kimi məqsədlərinə çatmaq üçün hər cür hərbi zəiflikdən istifadə edir. Bu, diktatorun düşüncəsini və Rusiya Federasiyası ilə sülh danışıqlarına inanan siyasətçilərin sadəlövhlüyünü ifşa edir”.
Pyatov qeyd edib ki, Ukrayna hazırda kifayət qədər silah və sursat almadığı üçün cəbhədə uğursuzluqlar yaşayır və bəzi siyasətçilərin məntiqinə görə, belə bir şəraitdə Putin danışıqlara hazırdır: "Ancaq rus diktatoru tamam başqa məntiqlə çıxış edir. Putin "danışıqlar" dedikdə, əslində, Ukraynanın kapitulyasiyasından başqa heç nəyi nəzərdə tutmur".
Nəşrin baş redaktorunun müavini Paul Ronzheimer isə yazır: "Bu, Ukrayna və Qərbdən danışıqları mümkün etmək üçün addımlar atmağı tələb edən hər kəsə cavabdır. 2022-ci ilin uğursuzluqlarına, onun qoşunlarının Kiyevi ala bilməməsinə, şərqdə və cənubda əraziləri itirməsinə baxmayaraq, Putinin məqsədi HEÇ VAXT dəyişməyib. Putin Ukraynanı daha çox qoşunu və hərbi iqtisadiyyatı hesabına məhv etmək, onu varlığından məhrum etmək, mədəniyyətini silmək istəyir. Qərbə gəlincə, əgər biz bundan artığını edə bilməsək, gec-tez Putin bu məqsədinə çatacaq. İndi zaman onun xeyrinə işləyir”.
“AzPolitika.info”


Şərhlər