“Paris Cənubi Qafqazı Rusiya ilə hibrid müharibə sonunda alver predmetinə çevirmək istəyir”
“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin Ermənistan və Fransa arasında hərbi əməkdaşlıqla bağlı sualını cavablandırarkən deyib.
“Mən artıq Paris və İrəvan arasında əlaqələri şərh etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, xarici tərəfdaşların və milli təhlükəsizliyin təmin edilməsi parametrlərinin seçilməsi hər bir ölkə üçün suveren məsələsidir. Sadəcə, belə görünür ki, İrəvan da Fransaya üz tutaraq, onunla hərbi-texniki əməkdaşlığı artıraraq nə fransızların əsl niyyətlərini, nə də onların regionda hərbi mövcudluğunu genişləndirməyin yaradacağı risklərini dərk etmirlər” –deyə, o, qeyd edib.
Zaxarov bildirib ki, Fransanın belə imkanları olsaydı, müqavilə öhdəlikləri olduğu, pul aldığı üçün təhlükəsizliyii təmin etməyə borclu olduğu ölkələrdə bunu edərdi: “Məsələn, Afrika qitəsi. Fransanın bu ölkələrdəki missiyaları acınacaqlı şəkildə uğursuzluğa düçar oldu. Buna səbəbi təkcə siyasi uyğunsuzluqla bağlı deyil, Fransanın öz müttəfiqlərini və tərəfdaşlarını tərk etdiyinə görədir. Sadəcə bu ölkələr üçün ən kritik anda onları tərk etdilər. Həmin ölkələr isə təcili olaraq ekzistensial təhlükəsizlik məsələlərini təmin edən qüvvə kimi əvəzləyici axtarmağa başladılar”.
Zaxarova Parisin sülhməramlı və ya vasitəçilik səylərinin hansı uğursuzluqlarla nəticələndiyini də xatırladıb: “Mənə elə gəlir ki, Sahel bölgəsindəki Sahara əməliyyatının şərəfsiz, dəhşətli finalı buna ən bariz nümunədir. Bilmirəm, Ermənistan rəhbərliyi öz xalqına Fransanın son illərdə nə ilə məşhurlaşdığını, bu cür vasitəçilik funksiyalarını və ya təhlükəsizlik qarantiyalarını necə yerinə yetirdiyi barədə danışırmı? Fransa ilə hərbi-texniki əməkdaşlığa gəlincə, Ermənistanın "Mistral" tipli raketlər alması hekayəsi fransızların tərəfdaş kimi etibarsızlığını daha çox nümayiş etdirir. Fransa hakimiyyəti yanlış həmrəylik təminatları, sülh haqqında sözləri təəssüf ki, Ermənistanın maraqlarını rəhbər tutmur. Bu, göz qabağındadır. Onlar yaralı geosiyasi ambisiyalarını, anti-Rusiya mövqelərini rəhbər tuturlar. Ermənistanın və bütün Cənubi Qafqazın gələcəyi Paris üçün Rusiya ilə hibrid müharibə sonunda, sadəcə olaraq, alət, alver predmeti, öz rifahını, nüfuzunu qoruyub saxlamaq yollarından biridir”.
Zaxarova vurğulayıb ki, əgər əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, Fransa 2021-ci ildə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi.
“Amma onlar əksinə etdilər”, - Rusiya XİN rəsmisi yekunlaşdırıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər