Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasına, partiya sədrinin müavinləri – Qagik Melkonyan və Qurgen Arsenyan da daxil partiyanın başqa üzvlərinə qarşı terror cəhdi ilə bağlı iki cinayət işinə başlanıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məkumatda bildirilir. Qeyd olunur ki, hakim partiyanın üzvlərinə və tərəfdarlarına qarşı siyasi motivli bomba hücumu cəhdi ilə bağlı 4 nəfər həbs edilib.
Məlumatda deyilir ki, baş tutmamış hücum cəhdləri “Vətəndaş müqaviləsi” partiyasının tərəfdarlarını hədəfləməli və beləliklə də hakimiyyətin fəaliyyətini pozmalı idi.
İsitntaq materiallarına görə, şübhəlilərdən biri İrəvanda Qagik Melkonyanın evinin yaxınlığında “əldəqayırma partladıcı qurğu” yerləşdiribmiş. Bomba fevralın 10-da səhər saatlarında partlamalıymış. Şübhəli bombanı səhvən Melkonyanın evinə bitişik evin həyətinə atıb.
İstintaq Komitəsinin versiyasına görə bu hücum Nikol Paşinyanın partiya üzrə müavini Melkonyanı bir sıra spesifik siyasi bəyanatlardan və mövqelərdən çəkindirməliymiş.
Məlumatda deyilir ki, digər şübhəli partladıcını fevralın 20-də başqa bir iqtidaryönlü deputat Qurgen Arsenyanın ofisinin yaxınlığında yerləşdirib. Bu da bildirilir ki, hər iki qurğu təsadüfən partlamayıb.
Bu hücumların həbs olunmuş Qagik Sarkisyan və kimliyi hələ müəyyən edilməmiş başqa bir şəxs tərəfindən hazırlandığı bildirilir. Sarkisyanın Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyasının üzvü olduğu qeyd edilir. Əsas müxalifət partiyalarından biri olan bu təşkilat hələ ki, hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Sarkisyanın vəkili Vahe Yeprikyan mətbuata deyib ki, onun müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Yeprikyanın sözlərinə görə, İrəvan məhkəmələrindən biri Sarkisyanın 1 ay müddətinə həbs edilməsinə dair hökm çıxarıb.
Paşinyanın müavini evinin yaxınlığında edilmiş terror cəhdinə görə Ermənistanın indiki hakimiyyətinə düşmən olan “Rusiya agentlərini” ittiham edib. O iddia edib ki, müxalifət hazırda Rusiyanın bütün əmrlərini icra etməyə çalışır. Bununla belə Melkonyan heç bir siyasi partiyanın adını çəkməyib: "2020-ci ilin 9 noyabrından müxalifət, 5-ci kolon, Rusiya agentləri “Vətəndaş müqaviləsi” partiyasına qarşı mübarizəyə başlayıblar”. Melkonyan vurğulayıb ki, bu adamlar hakimiyyəti dəyişmək və Rusiyanı məmnun edəcək hökumət qurmaq istəyirlər: “Beşinci kolon Ermənistanda Rusiya agentlərinin böyük şəbəkəsidir. Onlar əvvəlcə Qarabağın (Qarabağda ləğv edilmiş qondarma, cinayətkar rejimi nəzərdə tutur – red.) başını yedilər. İndi də Ermənistanın başını yemək istəyirlər”.
“AzPolitika.info”


Şərhlər