“Oyundan sonra epizodu izlədim. Düşünürəm ki, ingilis hakimə yaraşmayan bir qırmızı vərəqə oldu”.
“AzPolitika” xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, oyunu idarə edən ingiltərəli baş hakim Entoni Teylerın ikinci hissənin ortalarında Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizoddan danışıb. 52 yaşlı çalışdırıcı hakimin qərarının doğru olmadığını bildirib: “Bəlkə də İngiltərə Premyer Liqasında həmin epizod qayda pozuntusu kimi qiymətləndirilməzdi. Adi qaydada, ikili mübarizə kimi baxardılar. VAR-dan dəvət olsa da, hər bir halda son qərarı hakim özü verdi. Hesab edirəm ki, bu cür oyunlarda belə kartlar qəbul edilməzdir”.
Baş məşqçi həmin epizodla bağlı oyunçusuna irad bildirmədiyini deyib.
“Elvinlə danışmadıq. Çünki hər hansı bir etiraz bildirmək düzgün deyildi. Emosiyalara qapılmışdılar, üzgün idilər”,-deyə o qeyd edib.
Qurbanov mərhələ adlamaq şansını son anda əldən verdiklərini də etiraf edib: “Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.
“AzPolitika.info”


Şərhlər