“Araşdırmalar göstərir ki, ötən ilin yekununa görə startapların inkişafına dəstək sahəsində üstün vəziyyət Qazaxıstandadır”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“Qazaxıstanda vençur fondları (VC) və yerli şirkətlər ötən il ərzində startaplara 80 milyon dollar investisiya yatırıb”, - o əlavə edib.
Ekspert qeyd edir ki, “Crunchbase” datasına görə regionun ən güclü vençur bazarı Qazaxıstanda cəmləşib və bu sektorda son illər 5 dəfə artım olub: “Hazırda 20-dən çox VC fondları var. Dövlətin dəstəyi ilə innovasiya ekosistemin inkişafına kompleks yanaşma sərgilənir”.
O.Gündüz vurğulayır ki, Gürcüstanın təkcə vençur bazarının dövriyyəsinin 21 milyon dollardan çox olması, Özbəkistanın son illərdə sürətlə irəli getməsi yetərincə diqqətçəkəndir: “Digər bir araşdırmaya görə, Ermənistanda yerli VC və yerli angellər tərəfindən maliyyələşmə 3 milyon dollar olsa da, erməni startaplara ötən il toplam 216 milyon dollar investisiya yatırılıb. Daha çoxunu diaspora fondları ayırıb”.
Ekspert bildirir ki, “Crunchbase”in məlumatlarına görə, ötən il Azərbaycanda toplam VC və mələk investor yatırımı 2.2 milyon dollar olub: “Azərbaycanda hələlik cəmi bir vençur fond var. Bu da cəmi 15, o cümlədən 3 yerli startapa investisiya edib. Araşdırmadan görsənir ki, regionda Azərbaycanın ekosisteminin inkişafı çox zəifdir, hələlik yalnız Qırğızıstan və Tacikistanı üstələyə bilib”.
Osman Gündüz ümid edir ki, ekosistemin inkişafına cavabdeh olan İRİA, KOBİA və ASAN da real vəziyyətin fərqindədir: “Fikrimcə İRİA tərəfindən bu sahənin inkişafına xeyli resurslar ayrılsa da görünür ki, səmərəlilik və effektivlik çox zəifdir. Təəssüf ki, qurumun son hesabatında da vəziyyətin düzəldilməsi üçün komandanın ağlabatan bir yol xəritəsini görə bilmədik. Düşünürəm ki, adı çəkilən qurumlar bir araya gələrək səylərini gücləndirməlidirlər”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər