"2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.
Bunu martın 15-də Milli Məclisdə deputatların sərhədlərin bağlı saxlanması ilə bağlı iradlarına cavab verərkən Baş nazir Əli Əsədov deyib.
Baş nazirin dediklərindən belə çıxır ki, o, qanunun ona verdiyi səlahiyyətlərdən özü istədiyi vaxt, istədiyi kimi, özü də nə xalqın, nə parlamentin, nə də başqa kimsənin mövqeyini nəzərə almadan, heç kimlə hesablaşmadan istifadə edə bilər. Əgər belədirsə, “bağlamışam, əcəb eləmişəm” də desəydi, daha düzgün olardı...
Əvvəla, normal dövlətlərin normal hökumətləri bütün dünyada sərhədlər açıq ikən öz quru sərhədlərini 4 il bağlı saxlamazdı, əgər saxlasaydılar belə, bunu çıxıb normal şəkildə cəmiyyətə, parlamentə izah edərdilər, ortadakı gərginliyi, narazılığı aradan qaldırardılar. Ancaq göründüyü kimi, bizim hökumətin başçısı buna lüzum görmür və “mən bağlamışam” deməklə kifayətlənir. Doğrudanmı xalqla, parlamentlə bu dildə danışmaq olar və bu, düzgün kommunikasiya üsuludur? Görünür, Azərbaycanda “COVİD” pandemiyası çoxdan bitsə də, hökumət yeni “mənəm-mənəmlik” sindromuna yoluxub. Hansı ki, Azərbaycan hökuməti öz varlığı etibarilə siyasi yox, daha çox texnokrat mahiyyətə malikdir.
Bu baxımdan Baş nazirin kifayət qədər ciddi siyasi, iqtisadi, hətta strateji yükü olan sərhədlər mövzusunda öz üzərinə az qala siyasi lider kimi məsuliyyət götürməsi anlaşılan deyil. Yox, əgər götürürsə, o zaman bu addımın izahını da verməlidir. Ancaq Əsədovun çıxışında heç bir izaha rast gəlmədik...
Baş nazir yalnız onu bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Ancaq nədənsə, 2023-cü ilin göstəricisini açıqlamayıb. Yəqin ona görə ki, ötən il ÜDM artımı rəsmi statistikaya görə cəmi 1.1 faiz olub. Biz ölkə olaraq bu göstərici üzrə keçmiş SSRİ məkanında ən sonuncu yerdəyik. Yaxşı olardı ki, Baş nazir “mən bağlamışam” deyərkən, bunun da izahını verəydi və nəhayət, bu qapanmanın səbəblərini açıqlayaydı.
Rəsmi izahat olmadığından, daha doğrusu, bunun artıq çoxdan bitmiş pandemiya ilə əlaqələndirilməsi üzündən (ÜST bir ildən artıqdır pandemiyanın bitdiyini bəyan edib) əhali, mətbuat, ekspertlər və s. müxtəlif versiyalar, mülahizələr irəli sürürlər. Ən çox səsləndirilən versiyalar isə təhlükəsizlik və məmur-oliqarx biznesinin maraqları ilə bağlıdır.
Təhlükəsizlik məsələsinə baxsaq, regionda söz sahibinə çevrilmiş, güclü ordusu, sərt hüquq-mühafizə sistemi, kifayət qədər yeni texnologiyalarla təmin olunmuş sərhəd və peşəkar təhlükəsizlik xidməti orqanları, güc strukturları olan Azərbaycan kimi bir dövlətin öz təhlükəsizliyini sərhədlərin bağlı saxlanması yolu ilə təmin etməsi iddiası, yumşaq desək, inandırıcı görünmür və ölkəmizə qətiyyən yaraşmır.
Yuxarıda sadaladıqlarımızın heç yarısına da malik olmayan qonşu Gürcüstan və Ermənistan quru sərhədlərini çoxdan açdığı halda, bizim bağlı saxlamağımız ən azından anlaşılmazdır. Yox, əgər bizim təhlükəsizliklə bağlı bilmədiyimiz hansısa başqa strateji nüanslar varsa (hətta bunun detallarını açıqlamasalar belə), heç olmasa bunu bildirsinlər. Söhbət Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən gedirsə, bunu da Azərbaycan vətəndaşının bilmək hüququ var. Yəni, hökumət xalqın, parlamentin qarşısında hesabatlılığını göstərməlidir, yoxsa qanun buna icazə verir deyə (Bunun özü də mübahisəli mövzudur) istədiyi qərarı verməsi nə dərəcədə düzgündür? Bu məntiqlə, məsələn, istənilən nüvə dövləti başçısının “qırmız düymə”ni basmaq hüququ varsa, deməli kefi istədiyi vaxt onu basa bilər?
Quru sərhədlərinin bağlı saxlanmasının məmur-oliqarx biznesinə, yaxud iqtisadiyyata, daxili bazara qazanc gətirməsinə gəlincə, bu da mübahisəlidir. İndiyə qədər heç bir ölkə quru sərhədlərini bağlamaqla öz iqtisadiyyatının çiçəklənməsinə nail olmayıb, əksinə, bunun zərərini görüb. Elə Azərbaycanda ÜDM artımının 1 faiz civarında olması da bunu göztərir.
Bəli, məsələn “Azal”-ın müştəriləri doğrudan da xeyli artıb. Lakin bu, yüz milyonlarla, milyardlarla ölçülə biləcək gəlir deyil axı. Bunu üçün bu boyda “həngaməyə” ehtiyac ola bilməz. Azərbaycan vətəndaşı ən çox səfər etdiyi Türkiyəyə və Avropa ölkələrinə onsuz da quru yolla yox, təyyarə ilə gedirdi. Rusiya və İrana gedənlər isə müharibə və digər səbəblərdən zatən dəfələrlə azalıb. Qalır Gürcüstan, oraya da təyyarə reyslərini 2-3 dəfə artırmaqla elə bir böyük qazanc əldə edildiyini söyləmək olmaz. Məmur-oliqarxların daxili turizm biznesinin, yaxud inhisarçıların gəlir artımının təmin edilməsinə gəlincə, bu sahədə müəyyən artım təmin edilsə də, yenə hansısa külli miqdarda gəlirlərdən söhbət gedə bilməz, çünki zatən bunun üçün əhalinin real gəlirləri artmalı idi. Bu isə yoxdur. Yəni, sərhədlərin məmur oliqarxiyasının varlanması üçün qapalı saxlanması iddialarını tam inkar etmək doğru olmasa belə, bu variant da müəmmalıdır...
Nəhayət, Azərbaycan “COP-29” da daxil olmaqla, bir neçə böyük beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Yəni, biz Rusiya kimi qapanmaq yox, dünyaya açılmaq strategiyasına üstünlük veririk. O zaman, dünyaya açılan bir dövlətin öz quru sərhədlərini bağlı saxlaması hansı məntiqə uyğun gəlir və ölkəmizin beynəlxalq imicinə daha bir zərbə vurmurmu?
Görünür, hökumətin quru sərhədlərin bağlı saxlanmasının əhalinin sosial, iqtisadi, ən əsası isə mənəvi durumuna, əhval-ruhiyyəsinə ziyan vurduğundan, gərginlik yaratdığından xəbəri yoxdur. Yoxdursa, sosial şəbəkələrə, mətbuata, ayrı-ayrı siyasətçilərin, iqtisadçıların, hətta psixoloqların çıxışlarına diqqət yetirmələri lazımdır.
Yox, əgər xəbəri varsa, şübhə etmirik ki, var, o halda xalqımız kimi, biz də hörmətli Baş nazirimizin bu inadkarlığına məntiqi izah tapmaqda çətinlik çəkirik. Belə olduqda bir daha soruşmaq ehtiyacı yaranır: Məqsədiniz nədir, hörmətli Əli müəllim? Açıq danışın. Azərbaycan dilində fikrinizi izah etməkdə çətinlik çəkirsinizsə, eybi yox, yaxşı danışa bildiyiniz dildə danışın, başa düşərik. Amma danışın.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bunun bir təkəbbwrlw duruşuna bax?Sanki alçaq dağları bu yaradıb.Amma anlamır ki,boş yerdir
Bu millətə Allahın yardımına böyük ehtiyac var.
Anlaşılan budur ki,sualı tərsinə vermək lazımdır.Yəni əgər “Sərhədləri niyə bağlamısınız?” sualına “İmza atmışam bağlamışam, səlahiyyətim çatır” cavabını vermişsə elə isə soruşun ki “Sərhədləri bağlamaq üçün imza atmağa səlahiyyətiniz çatırmı?”.O zaman sərhədləri necə yox, niyə bağladığına cavab verər böyük bir ehtimalla. Başqa əlac yoxdu.Nağayraq. Əziz Nesin demiş "Bize de bu yakışır".
Guya bu öz başına imza edib? ...
Bəli xalqla və parlamentlə bu cŭrə danıṣmaq olar çŭnki həm xalq,həm də parlament belə danıṣıqlara ōzŭ ṣərait yaradıb
Ailə bunun da dili çıxdı e.Malades Əli müəllim! Bircə sən qalmışdım bu deputatların təpəsinə qapaz, o da baş verdi. Bu deputatlar da lovğalanmaq istəmişdi aya Baş Nazir mənə hesabat verir. Bu fağırdı, bunu qazdıyaq. Amma Əli də Əli di haaaaa. Bir cümlə ilə bütün deputatları pişiyə döndərdi. ..
Ə.Əsədovun sözünün açması belə oxunmalıdır: " Mən bağlamışam qədeş. Başqa sözün var? (Deputatların mayı-qutu quruyub) Yoxdu ki? Ələ onda gedin hoppanmağınızın dalıycə. Deputat olublar məmçün.Niyə başlamısan. Əcəb eləmişəm beş də artıq."
Sərhədləri bağlı saxlamağın heç bir izahı və məntiqi yoxdur. Çoxdan açılmalı idi.
Как и все чиновники ,премьер-министр лукавит,лукавит и журналист , все отлично знает не он открывает и закрывает границы,но и все молчит
Bu adam haradan peyda olub. Dünyadan xəbərsiz,özübdən razı,əlindən iş gəlməz,çuçela! Bu adam hansı cəmiyyəti təmsil edir?
Danışıq qabiliyyəti də "0"-ın altında.Azırbaycanda heç bir məsələni ölkə prezidentinin icazəsi olmadan həll edə bilməyən bu lazımsız postu ləğv etmək lazımdır.Adamı isə hansısa şirkətdə yüngül bir işlə təmin etmək vəssəlam.Bu kimdi ki,sərhəd bağlaya,sərhəd aça.Sadəcə hərə öz qabiliyyıtinə uyğun danışır
https://www.youtube.com/watch?v=5s00xosZ4rg
Yəqin ki , deputatlarda « əcəb etmişəm » sözünə çox « tutarlı ,sərt » reaksiya veriblər ,hökumətə « istefa » şüarı səsləndiriblər ..... isə Əli Əsədovu Nobel mükafatına namizəd göstərib .Bütün günah erməni lobbisindədir ,qoymurlar işləyək
Cəlal müəllim, xalqın demək istədiyini bu məqalədə yazmısız. Allah xalqımıza kömək olsun!
Belə baş nazir olan ölkədə yaşamaq kaqtorqadır.Oturub kağız gözləyr ki,imza atsın,desinlər işləyir.
Bunun danışığı milləti xalqı ələ salmaqdır. ƏMUR VƏ DEPUTLARDAN BAŞQA İNSANLARI BELƏ .. İNSAN YERİNƏ QOYMURLAR,insanlarla insan kimi davranmırlar. Dünyada gedən proseslər də onu göstərir ki bütün bu ... sonu olacaq və yaxındadır
Derdeee