Son zamanlar, xüsusilə də Moskvada baş verən məlum terror aktından sonra Rusiyada ölüm hökmünün bərpa edilməsilə bağlı çağırışlar xeyli artıb.
“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, "Ədalətli Rusiya" partiyası Dumada ölüm hökmünün qaytarılması ilə bağlı referendum keçirməyi təklif edib. Bu barədə təkliflə partiyanın sədri Sergey Mironov çıxış edib.
LDPR sədri Leonid Slutski də eyni fikirdə olduğunu deyib: “Bu gün biz açıq şəkildə deməliyik ki, 1996-cı ildə Avropa Şurasına qəbulla bağlı qəbul edilmiş ölüm hökmünə moratorium dayandırılmalıdır. Bu gün bu əclaflara ölüm hökmündən başqa cəza ola bilməz".
Hakim “Vahid Rusiya” partiyasının təmsilçisi də məsələni müzakirə etməyə hazır olduqlarını bildirib. Bu barədə partiyanın Dumadakı nümayəndəsi Pavel Kraşeninnikov deyib: "Bizim moratoriumumuz var, lakin qanun layihələrini müzakirə etməyə hazırıq". O, əlavə edib ki, bu məsələ ilə bağlı qərarlar soyuqqanlılıqla qəbul edilməlidir.
Kommunist partiyasının lideri Gennadi Zyuqanov da dolayısı ilə təklifi dəstəkləyib: "Müzakirə etmək və düşünmək lazımdır. Vəhşilik edənlərin yer üzündə gəzməyə haqqı yoxdur... Biz artıq 2019-cu ildə təklif etmişik... Bu, çox vacib məsələdir. Lakin bununla bağlı həddindən artıq sui-istifadə var, o cümlədən hüquq-mühafizə sistemində”. Zyuqanov qeyd edib ki, bu cəza tamamilə müstəsna hallarda tətbiq olunmalıdır.
Nəhayət, müzakirələrə qoşulan Dövlət Dumasının sədri Vyaçeslav Volodin də təklifi birmənalı olaraq dəstəkləyib və əlavə edib ki, ölüm hökmünün bərpası üçün heç referenduma da ehtiyac yoxdur: “Referendumlara ehtiyac yoxdur, Konstitusiya Məhkəməsinin qərarı kifayətdir”.
“AzPolitika.info”


Şərhlər