Rus qoşunları çox güman ki, yazın sonunda, ya da yayda böyük hücuma keçəcək.

“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Federasiyası öz qüvvələrini Donetsk vilayətinin qərbində cəmləşdirə və məhz bu istiqamətdən hücuma keçə bilər.

İnstitutun son hesabatında deyilir ki, ruslar öz qoşunlarının bu istiqamətdə davamlı, lakin cüzi irəliləyişindən yararlanmağa ümid edirlər. Ukrayna rəsmiləri bu yaxınlarda xəbərdarlıq ediblər ki, Rusiya Federasiyası Xarkov-Luqansk istiqamətində, Baxmut, Avdeyevka yaxınlığında və Zaporojye vilayətində qüvvə toplayır. Bununla belə, ISW əmindir ki, Rusiya qoşunları öz canlı qüvvə və texnika resurslarının, eləcə də planlaşdırma işlərinin məhdudluğu səbəbindən yalnız bir istiqamətdə koordinasiyalı, genişmiqyaslı hücum əməliyyatına başlaya biləcək. ISW belə bir istiqamətin Donetsk vilayətinin qərbi ola biləcəyini qeyd edir və xüsusən də bu yaxınlarda Rusiya hərbçilərinin nəzarətinə keçən Avdeyevka ərazisinin platsdarm kimi götürüləcəyini proqnozlaşdırırlar.

Bununla yanaşı, amerikalı mütəxəssislər martın 30-da Avdeyevka yaxınlığında yerləşən Tonenkoye kəndində rus qüvvələrinin uğursuz hücumunu Rusiya ordusunun əsas səylərini məhz orada cəmləyə biləcəyinə sübut kimi göstərir. Xəbərdə deyilir ki, bu ərazidə Ukrayna qoşunları Rusiya qoşunlarının bütöv bir mexanikləşdirilmiş batalyonunun hücumunu dəf edə bilib.

ISW Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə istinadla yazır ki, martın 30-da Tonenkoye yaxınlığında Rusiya ordusu döyüşə 36 tank və 12 piyada döyüş maşını göndərib: “Bazar günü yayılan geolokasiyalı görüntülər Tonenkoyenin şimal-qərbində, yol boyu çoxlu sayda məhv edilmiş və zədələnmiş Rusiya zirehli texnikası və tanklarını göstərir. Ukrayna hərbçiləri bildirirlər ki, hücum zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın 12 tankını və 8 piyada döyüş maşını məhv edib. Onlar qeyd edirlər ki, Rusiyanın bu hücum cəhdi Ukrayna müdafiə xəttinin yarılmasına səbəb olmayıb”.

Ekspertlərin fikrincə, 30 mart hücumunun miqyası əhəmiyyətli faktdır, çünki Rusiya qüvvələri 2023-cü ilin oktyabrında Avdeyevkaya hücum başlayandan bəri belə iri miqyaslı addımlara əl atmayıb: “Ukraynanın martın 30-da, xüsusən də sürətlə geri çəkilmək məcburiyyətində qaldığı Avdeyevka yaxınlığındakı hücumu dəf etmək qabiliyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın gələcək irimiqyaslı hücumundan müdafiə oluna biləcəyinə müsbət sübutdur. Rusiya qüvvələrinin Avdeyevka yaxınlığındakı hücumunun miqyası onu deməyə əsas verir ki, Rusiya hərbi rəhbərliyi bu istiqaməti prioritet hesab edir və gələcək yay hücumu məhz buradan həyata keçirilə bilər”.

“AzPolitika.info”