"İRƏVAN 5 APRELƏ QƏDƏR MÜHARİBƏNİN BAŞLAMASINI İSTƏYİR" - "Ermənistan gizli bir fəaliyyət icra edir”

Elxan Şıxəliyev: “Rusiyaya qarşı ikinci cəbhənin açılmasını şərti sərhəddə münaqişənin yaranması ilə modelləşdirəcəklər”

Azad İsazadə: “Paşinyan öz xalqını qorxutmaq üçün də bu addımı ata bilər”

Məlum olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın Azərbaycanla şərti sərhədin müxtəlif bölgələrinə canlı qüvvə və hərbi texnika cəmləşdirdiyinə dair videolar paylaşılır. İlk dəfə rus “Telegram” kanallarından tirajlanan bu videoların dəqiq hansı tarixdə çəkildiyi bəlli olmasa da, görüntülərin yeni olduğu güman edilir.

Məlumata görə, paylaşılan videolardan biri Naxçıvanın işğal altındakı Kərki kəndi istiqamətində, digər video isə Qazax rayonu istiqamətində lentə alınıb. Mart ayında çəkildiyi təxmin olunan videolarda Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya, zirehli texnika və digər hərbi maşınlardan ibarət kolonların bölgədə hərəkəti müşahidə edilir.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrə düşdükdən sonra Müdafiə Nazirliyinin məsələyə münasibəti gecikməyib. MN-nin ötən günkü bəyanatında Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunduğu bildirilib. MN Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdinin qətiyyətlə alınacağına dair xəbərdarlıq edib.

Sözsüz ki, Ermənistanın birdən-birə şərti sərhəddəki təxtibatçı hərəkətləri yeni eskalasiya ilə bağlı iddiaları gücləndirib. Hazırda əksər yerli politoloqlar və hərbi ekspertlər Ermənistanla yeni qarşıdurmanın mümkünlüyünü istisna etmir, hətta çox yaxın bir tarixdə tərəflər arasında müharibənin baş verə biləcəyini proqnozlaşdırırlar.

Bu barədə hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika”-ya şərhində bildirib ki, Ermənistan tərəfi sözügedən videolarda əks olunan hərəkətliliyi hərbi təlim adlandırsa da, yayılan görüntülər bu arqumenti təkzib edir: “Ermənistan tərəfi bu görüntüləri hərbi təlim, xüsusən də hərbi sürücülərin məşqləri kimi servis etdi. Düşünürəm ki, Ermənistanın bu əsaslandırması reallıqdan və həqiqətdən çox uzaqdır. Çünki videolarda əks olunan hərbi texnikanın tərkibinə baxsaq görərik ki, bu, hücum silahlarınn yerdəyişməsidir. Xüsusən də piyada döyüş maşınlarının şərti sərhədə yönəlməsi, onların yanında artilleriya bölmələrinin hərəkəti adətən hər hansı hücum əməliyyatları başlayanda görülür. Bunu sürücülərin təlimi ilə əlaqələndirdikdə artıq bu, həqiqəti gizlətmək anlamına gəlir. Sürücülərin təlimlərini poliqonlarda da həyata keçirmək çox asan bir məsələdir. Bunu niyə şərti sərhəd üzərindən etməli idilər? Bu təzadlı açıqlama ehtimallar yaradır ki, Ermənistan gizli bir fəaliyyət icra edir”.

Ekspert qeyd edir ki, gizli fəaliyyətin zamanlaması və tərkibi qarşı tərəfin aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş öncəsi bir gərginlikdə maraqlı olduğunu göstərir: “Danışqılardan sonrakı mərhələdə bu məsələnin üzərindən ABŞ-nin və Qərbin böyük planı işə düşəcək. NATO-nun şərqə doğru genişlənməsi Ermənistan coğrafiyasını da içərisinə ala bilər. Gələcəkdə Rusiyaya qarşı ikinci cəbhənin açılmasını Azərbaycan-Ermənistan, Ermənistan-Rusiya münasibətləri üzərindən məhz şərti sərhəddə münaqişənin yaranması ilə modelləşdirəcəklər”.

Hərbi ekspertin sözlərinə görə, 5 aprelə qədər şərti sərhəddəki gərginlik pik həddə çatacaq: “Ermənistan iki istiqamətdə - Qazax və Kərkidə Azərbaycan ordusunu münaqişəyə təhrik edəcək. Sonda da deyəcəklər ki, mütləq bura ikinci bir qüvvə kimi NATO gəlməli və Ermənistanın təhlükəsizliyini təmin etməlidir. Ermənistan tələsəcək ki, 5 aprelə qədər belə bir vəziyyət yaratsın”.

Hərbi ekspert Azad İsazadə də “Bakupost” -a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanı təxribata çəkmək üçün bu cür addımlar atır:“Azərbaycan ordusu təbii ki, cavab atəşiylə onları darmadağın edər. Amma o zaman Ermənistan yenə çalışacaq ki, Azərbaycanı dünyaya işğalçı dövlət kimi təqdim etsin. Bizim müharibəyə hazırlaşdığımız barədə təbliğat aparacaqlar”.


A. İsazadə Ermənistan ordusunun şərti sərhəddə hərəkətinin Paşinyanın göstərişi ilə olduğunu istisna etməyib:“Çünki Paşinyan özü "Azərbaycan müharibəyə hazırlaşır" deyə bəyanat vermişdi. İndi o, bu bəyanatını gücləndirmək üçün qoşunları şərti sərhədə yığır. Paşinyan izah etməyə çalışır ki, müharibə təhlükəsi var, ya müharibəni başlamalıyıq, ya da Qazaxın 4 kəndini Azərbaycana qaytarmalıyıq. Paşinyan öz xalqını qorxutmaq üçün də bu addımı ata bilər. Amma təhlükə ondadır ki, qoşun cəbhə zonasında toplaşıbsa, hər an təsadüfi atəş, təxribat ola və döyüşlər qızışa bilər. Azərbaycan sözsüz ki, cavab atəşi açacaq və o zonanı neytrallaşdıracaq. Amma istisna etmirəm ki, bu halda Azərbaycan beynəlxalq təzyiqlərlə də üzləşə bilər”.

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Mən Yasin 2024-04-02 11:21:31

Görəsən, Azərbaycanı bu dəfə daha KİMlər Siyasi-Hərbi təxribatlara çəkirlər? 36 ildən sonra-nəhayətki, Hərbi genosid işğalından azad olmuşuq. Bircə dua-arzu hər kəs-dövlət çəkilsin öz mülkünə-evinə, ərazisinə və öz daxili suveren işləri ilə məşğul olsunlar!

Son yazılar