Avropa Məhkəməsinin təyin etdiyi təzminatlar verilmir? – Vəkildən açıqlama

Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından irəli gələn təzminatların ödənişini dayandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Gününsəsi.info” saytı məlumat yayıb. Qeyd olunur ki, bu qərar Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının dondurulmasından sonra verilib.

“Artıq xeyli vaxtdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təyin olunan təzminatların ərizəçilərə köçürülməsi dayandırılıb”, - deyə mənbə bildirib.

Azərbaycanın Avropa Şurasına üzvlük haqqını ödəməyəcəyi barədə xəbərdarlığı da təşkilata çatdırılıb.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla bu qurum arasındakı münasibətlərin qaydaya salınmasının mümkünlüyü barədə danışıb: “Biz AŞ PA-nı tərk edərkən öz bəyanatımızı səsləndirmişik. Bizim tələbimiz aydındır. Hesab edirik ki, AŞ PA öz səhvlərini etiraf etməli və Azərbaycana qarşı münasibəti kökündən dəyişməlidir”.

Təzminatların dayandırılmasına gəlincə, Səməd Seyidov bu məsələnin dövlətin digər strukturlarının səlahiyyətinə aid olduğunu deyib: “Onlardan soruşsanız, daha detallı bilgi ala bilərsiniz”.

Tanınmış vəkil Əsabəli Mustafayev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, əvvəlki illərdə də Avropa Məhkəməsinin çıxardığı qərarlara görə kompensasiya ödənişlərinin aprelin sonuna qədər uzandığı vaxtlar olub: “Bu ləngimə əsasən büdcədən vəsaitlərin ayrılmasında yaranan gecikmə ilə bağlı olurdu və daha sonra həllini tapırdı. Hazırda vəziyyət belədir ki, yeni çıxan qərarlar üzrə ödənişlər olmayıb. Bəzi qərarlar bir və ya1,5 ay əvvəl verilib. Qaydaya görə kəsilən kompensasiya ərizəçiyə 3 ay ərzində ödənilməlidir. Amma hökumət daha tez ödəyirdi. İndi gözləyək, görək aprel ayı ərzində ödəniş olacaqmı. Əgər bu baş verməsə, deməli Avropa Məhkəməsinin kəsdiyi cərimələr üzrə ödənişlərin dayandırılması barədə xəbərlər təsdiqini tapacaq”.

Rasim

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar