“Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər”. Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Tehranda “İrna” xəbər agentliyinin müxbirinə açıqlamasında deyib.
“Trend”in məlumatına görə, Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Əli Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: “Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla islam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir”.
Əli Həsənov bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: “Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas islam dünyası KİV-ləri arasında həmrəyliyin göclənməsinə və onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq”.
İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası Tehranın “Azadi” hotelində keçirilir. “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsinin nümayəndəsi iştirak edir. İkigünlük iclas dekabrın 3-də başlayıb.


Şərhlər