Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub.
İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir. Onun sözlərinə görə, ilk 2 ayda vətəndaşlar bu məqsədlə 440.4 milyon manat xərcləyiblər: “Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir”.
Deputat xatıladır ki, Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtli içkilərin istehlakından dünyasını dəyişir. “Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görsənir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik”, - o vurğulayıb.
“AzPolitika.info”


Şərhlər
A balam,elm adlı bir şey qalıb ki?Olmayan şeyə niyə pul xərcləsinlər ki?Görmədinmi o yaşda professoru,üstəlik də mübarək Ramazanda evdən çıxarıb küçəyə atdılar?Otuz ildi qaçqın və köçkünlərə durmadan müftə verilən evlərdən birisini o professora,onun kimi bədbəxt günə salınmış elm adamlarına vermək olmazdımı vaxtında?Bu millət yalnız qaçqın və köçkünlərdən ibarətdirmi yoxsa?