“Azərbaycan təhsilinin son 100 ilini təhlil etsək görərik ki, bəzən təhsil sistemimizdə çalışan 4 nazirimiz olub. Maarif naziri, ali və orta ixtisas naziri, texniki peşə məktəblər ilə bağlı nazir və s. İndi təhsildəki yük ağırlaşıb, ali təhsilimiz bir az da çətinə düşüb. Ona görə də belə bir komissiyanın yaradılmasını yaxşı təklif hesab edirəm. Hər halda xeyirli olar”.
Bunu əməkdar elm xadimi, professor Şahlar Əsgərov UNEC rektoru, professor Ədalət Muradovun yeni dövrün reallıqlarını nəzərə alaraq Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması ilə bağlı təklifini “AzPolitika”-ya şərh edərkən deyib.

Xatırladaq ki, UNEC rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq, təkliflə çıxış edib: “Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edirik”.
Ali Təhsilin İnkişafı üzrə Komissiyanın (ATİK) fəaliyyət istiqamətlərini necə gördüyünə dair sualımıza cavab olaraq Ş. Əsgərov bildirdi: "Sözügedən Komissiyanın fəaliyyət istiqamətləri ancaq ali təhsilimizi - bakalavr və magistr səviyyələrini inkişaf etdirmək, gənclərin elmə yönəlmələrini maraqlandırmaq və təşviq etməklə bağlı olmalıdır. İqtisadiyyat əsasən iki istiqamət üzrə ayrılır - istehsal və ticarət. İstehsal isə sənayenin inkişafı ilə bağlıdır. Ticarətin və sanayenin yaratdığı düşüncə tərzi də müxtəlifdir. Sənayedə olan insanlar həmişə nə isə yaratmaq, bazara yeni və keyfiyyətli mal çıxarmaq marağındadır. Ticarət isə sadə dillə desək, alverdir. İstehsal olunan məhsul keyfiyyətli olanda, sənaye də inkişaf edir. Amma ticarət belə deyil. Orada hər keyfiyyətdə olan malın öz alıcısı var. Sənaye hər zaman yaradıcı insanları öz ətrafında toplayır. Başqa sözlə, sənayenin hər zaman alimə ehtiyacı var. Amma tacirin alimə ehtiyacı yoxdur. Alim hər zaman normal həyat tərzi keçirmək istəyir. Ticarət üçün saatın və məkanın elə də fərqi yoxdur. Onlar əyləncəli məclislərə daha çox üstünlük verirlər. Belə olan halda, cəmiyyətimizin 30 il sonrakı dövrünü təsəvvür edə bilirsinizmi? Ona görə də normal cəmiyyət üçün bu iki toplum arasında harmoniya olmalıdır”.
Bu komissiyada kimlərin təmsil oluna biləcəyi ilə bağlı sualımıza cavab olaraq isə professor qeyd etdi ki, ATİK həqiqi alimlərdən təşkil olunmalıdır: "Alimlər iki yerə bölünür - həqiqi alimlər, bir də psevdo, yəni yalançı alimlər. Bu komissiya həqiqi alilmlərdən təşkil olunmalıdır. Bu mənə Ulu öndər Heydər Əliyevdən bir epizodu xatırlatdı. Deməli, təhsil qurultaylarının birində Təhsil Şurası yaratmaq təklif olunmuşdu. O zaman ki, təhsil naziri bu şuranın üzvlərinin adlarını oxuyanda Heydər Əliyev özünə aid olmayan yerdə “dayan, dayan” dedi. Sual verdi ki, “Nədir? İkinci Təhsil Nazirliyi yaradırsınız? Bunlar elə gözümüzün önündə çalışan insanlardılar da...”. Yəni deyirdi ki, bu şurada hakimiyyətdə olmayan, yeni adamlar çalışmalıdır. O, nazirin sözünü kəsdi və dedi ki, “belə olmalıdır”. Belə də oldu və Əjdər Ağayev şuraya rəhbər təyin olundu. Bu komissiya da Azərbaycan elminin gələcəyini düşünən, bununla bağlı fikirləri olan həqiqi alilmlərdən təşkil olunmalıdır."
Bu Komissiyanın səlahiyyətinə gəlincə, Ş. Əsgərov bildirdi ki, əgər ATİK Təhsil Nazirliyi nəzdində yaradılacaqsa, bunun bir statusu, prezident yanında olacaqsa, başqa statusu olacaq.
“AzPolitika.info”

Şərhlər