ABŞ Dövlət katibi Entoni Blinkendən sonra Avropa Komissiyasının ali rəhbəri Ursula fon der Leyen də Prezident İlham Əliyevə zəng edib.

“AzPolitika” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, xüsusən də bərpa olunan enerji mənbələri, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29 konfransı iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.

Avropa Komissiyasının sədri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycana humanitar minatəmizləmə sahəsində dəstək verməyə hazırdır. Telefon danışığı zamanı aprelin 5-də Brüsseldə baş tutacaq üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini bildirib və regional inklüzivliyin vacibliyini qeyd edib.

Xatırladaq ki, Türkiyə XİN də dünən açıqlama yayaraq, Brüsseldə keçiriləcək ABŞ, Aİ və Ermənistan görüşündən narazılığını bildirib. “Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, onun geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik”, XİN-in bəyanatında deyilir.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla bu gün Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs - Blinken və Leyen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi. Ekspert Blinkenlə Leyenin İlham Əliyevlə telefon danışığındakı fərqə diqqət çəkib: “Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Fon der Leyen isə əksinə, əvvəlcə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib. İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb. Eyni səpkili açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi yayımlayıb”.

E.Şahinoğlu qeyd edir ki, Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdırlar. “Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Hər ikisi Fransanın səhvini təkrarlamamalıdır”, - politoloq vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”