DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşınının aşdığı anın görüntülərini yayıb.

Qurum, həmçinin hadisə ilə bağlı yük avtomobillərinin sürücülərinə müraciət edib.

“Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda mədudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”, - müraciətdə deyilir.

***

Məlum olduğu kimi, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb, nəticədə avtomobildə olan maye yola dağılıb.

Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından Böyükşor şosesi - “Koroğlu” metro stansiyası, mərkəz, həmçinin Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

***

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində, həmçinin Böyükşor şosesi - metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında baş verən avtoqəza səbəbindən nəqliyyat vasitələrinin daha bir istiqamətdə hərəkəti məhdudlaşdırılıb.

Bildirilib ki, Böyükşor şosesi - metronun “Koroğlu” stansiyası, həmçinin Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

 TƏBİB-dən məlumat verilib ki, aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.