Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, R.Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.
2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmiş, 2008–2009-cu illərdə «Avrositi Holdinq»in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
2023-cü ilin martın 1-də Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi.
Evlidir, 1 övladı var.

Şərhlər