“İnstitusional və konstitusiya baxımından Avroatlantik seçimlərini bəyan edən, Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu alan Gürcüstan hakimiyyəti Qərbi qıcıqlandıran qanunları yenidən gündəmə gətirməklə bu prosesi dayandırmaq üçün hər şeyi edir. Paralel olaraq Tbilisi Rusiyaya qarşı ən proqnozlaşdırıla bilən siyasəti yeridir və Çinlə münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qalıdırır”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Cənubi Qafqaz ölkələrinin xarici siyasətini təhlil edərkən bildirib.
Politoloq xatırladır ki, Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda dərin inteqrasiya olan Ermənistan hakimiyyəti Avropa yolu elan edir və Aİ-yə “Avropa Birliyinin mümkün hesab etdiyi dərəcədə” inteqrasiya etmək niyyətindədir.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatının üzvü kimi “üçüncü yolu” təklif edən Azərbaycan isə ənənəvi olaraq ikitərəfli münasibətlərin inkişafını prioritet kimi qoyaraq, Mərkəzi Asiyada fəal qarşılıqlı əlaqədə olan türk dövlətlərinin dərin inteqrasiyası ideyasını irəli sürməyə başladı: “Hər üç ölkədə əhali hakimiyyətin xarici siyasətini dəstəkləyir. Bu mühüm faktdır. Bütün bunlar 44 günlük müharibədən sonra baş verməli olan geosiyasi dəyişikliklərin (Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Ermənistanla Türkiyə arasında normallaşma prosesi, regional kommunikasiyaların açılması) olmaması fonunda baş verir. Amma müharibənin nəticələri vəziyyəti dəyişməli və yeni reallıq yaratmalı idi. 2020-ci ildən vaxt keçdikcə dünyada, xüsusən də qonşu regionlarda vəziyyət dəyişməyə başladı. Ukraynadakı müharibə, sanksiyalar, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Qırmızı dəniz vasitəsilə dəniz nəqliyyatında yaranan çətinliklər dünya aktorlarının Cənubi Qafqaz regionuna diqqət səviyyəsini artırıb. Ənənəvi oyunçular və maraqlarla yanaşı, bölgəyə yeni oyunçular diqqət yetirməyə başladı”.

Ekspert qeyd edir ki, Cənubi Qafqazda geosiyasi prosesin xarici və daxili iştirakçılarının diqqəti Gürcüstana yönəlib: “Azərbaycan-Türkiyə tandeminin fəaliyyəti, Rusiyanın regionla bağlı planları, Şimal-Cənub istiqamətində (Ermənistandan keçən variant), Cənub-Qərb, Şərq-Qərb, Fransa layihəsi və Qərb istiqamətindəki nəqliyyat marşrutlarında Ermənistan-Gürcüstan geosiyasi oxu... hər yerdə Gürcüstan layihənin bir hissəsi kimi görünür və buna görə də güzəştlər və üstünlüklər əldə edir. Bu fayda özünü müxtəlif formalarda göstərir: enerji təhlükəsizliyinin təmin edilməsi, investisiya, infrastruktur, Aİ-yə namizəd statusu, tranzit funksiyası və daha çox dəstəklər...
Tbilisi Azərbaycan-Türkiyə, Qərb, Rusiya və Çinlə münasibətlərdə müəyyən balans qurub. Lakin bu tarazlıq həm xarici tərəfdaşların, həm də regiondakı qonşuların fəal hərəkətləri ilə pozula bilər. İlk belə aksiya Aİ-dən namizəd statusu aldıqdan sonra, Fransadan göndərilən silahların nümayişkaranə şəkildə Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasıdır. Bundan sonra belə addımlar daha çox ola bilər... Bu isə xarici aktorları hərəkətə gətirə və nəticədə tarazlıq pozula bilər. Məsələn, Ermənistanın Rusiyadan kəskin şəkildə ayrılması və Qərbin Cənubi Qafqazda geosiyasi xəttin formalaşdırılması layihəsinin həyata keçirilməsi Rusiyanı hərəkətə keirçə və nəticədə proseslər Gürcüstana da təsir edə bilər”.
F.Məmmədov vurğulayır ki, İvanişvili hakimiyyətinin praktikasından göründüyü kimi, Tbilisi forpost, Qərbin geosiyasi xəttinin sərhədi rolunu oynamaq istəmir. Onun sözlərinə görə, Qərbin Gürcüstana istədiyi rol məhz budur, çünki qonşu Ermənistan bu rola razılıq verib.
“Qərbin Tbilisidən gözləntiləri və tələbləri artıq Bakıda müəyyən suallar yaradıb. Qərbin Ermənistan istiqamətində fəaliyyəti və Gürcüstanın da bunda iştirakı Azərbaycan və Türkiyə ilə münasibətlərdə böhranlara, eləcə də Rusiyanın fəallaşmasına səbəb ola bilər”, - o. qeyd edib.
Politoloq hesab edir ki, Gürcüstanın hakimiyyət orqanları, yəni İvanişvili başa düşməlidir ki, “dünyada bütün pulları qazana bilməz”, bölgədə hamını razı sala bilməz. Proseslər elə ətalətlə gedir ki, Tbilisi seçim qarşısında qalacaq: praqmatizmi və proqnozlaşdırıla bilən qonşularla münasibətləri tarazlı şəkildə davam etdirmək, ya da müvafiq təhlükəsizlik və iqtisadi xərclərlə bölücü xəttin bir hissəsi olmaq”, - ekspert bildirib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Ermənistanın inteqrasiyası ,rusun bazasının çıxarılması ,ruslardan çox bizim politoloq və bəzi « siyasiləri » narahat edir .Rus Fars rejimi səsini çıxarmır ,bizimkilər düşüb əl-ayağa .Rusa sərf etmirsə qoşun yeridib Ermənistanı işğal etsin ,ancaq bizim əlimizlə yox .Edər ? yox .Çalışıb rusun ayağını Qafqazdan kəsmək əvəzinə bizlər onlara mina təmizlətmək , kənd təsərufatı məhsullar əkdirmək istəyirik