Menu

ABŞ maliyyə naziri Çin şirkətlərini hədələdi – Pekin sərt reaksiya verdi...

09.04.2024, 13:52
ABŞ maliyyə naziri Çin şirkətlərini hədələdi – Pekin sərt reaksiya verdi...

“Rusiyaya hərbi və ikili təyinatlı malların ixracını asanlaşdıran Çin bankları ABŞ sanksiyalarının hədəfi ola bilər”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib.

Çinə dörd günlük səfərini başa vurduqdan sonra Pekində keçirdiyi mətbuat konfransında o qeyd edib ki, Dövlət Şurasının Baş naziri Li Qiang və digər yüksək səviyyəli Çin rəsmiləri ilə görüşərək milli təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparıb və narahatlığını ifadə edib.

Çin şirkətlərinin Rusiya hərbi sənaye kompleksinə dəstəyindən danışan Yellen vurğulayıb ki, onlar Moskvanın hərbi səylərinə maddi dəstək verməməli və nəticədə ciddi nəticələrlə üzləşməməlidirlər.

“Mən bir daha xəbərdarlıq etdim ki, Rusiyaya hərbi və ya ikili təyinatlı malların tədarükü ilə bağlı ciddi əməliyyatları asanlaşdıran istənilən bank Amerika sanksiyaları ilə üzləşmək riski qarşısındadır", - ABŞ maliyyə naziri vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Yellenə cavab olaraq bildirib ki, ABŞ Rusiya və Çin arasında normal dövlətlərarası münasibətləri ləkələməyə çalışır. Qeyd edib ki, Vaşinqton Çin şirkətlərinin qanuni maraqlarına xələl gətirməməlidir.

Qərb mediası yazır ki, Janet Yellenin açıqlamaları ABŞ-dan Çin şirkətlərinə edilən ən ciddi xəbərdarlıqlardan biridir. Ötən ilin əvvəlində ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya “qeyri-öldürücü yardım” etdiyini və “öldürücü yardım” göstərməyi nəzərdən keçirdiyini açıqlamışdı. O vaxtdan bəri ABŞ Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək malların ixracına qoyulan qadağanı pozduğuna görə bir neçə Çin şirkətinə sanksiya tətbiq edib.

Rəsmi Pekinin ABŞ-ın təzyiqinin qəbuledilməzliyi ilə bağlı bəyanatlarına baxmayaraq, Çin bankları rus müştəriləri ilə münasibətləri məhdudlaşdırmağa başlayıblar. Çünki Amerika maliyyə sistemindən xaric olunmaq təhlükəsi şirkətlər üçün Rusiya ilə əməliyyatların faydalarından daha böyük itkilər yaradır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol