Bloqçu Ömər Məmmədovun atası Elyar Məmmədov dekabrın 3-də “Media forum” saytına açıqlama verib.
O, oğlu ilə görüşdüyünü deyib: “19 yaşında uşaq necə olacaq?! Çox darıxır. Bağırsağında problem var deyə diyet saxlayır. Görünür, soyuq olub. Qaldığı yerdə şərait heç də yaxşı deyil. Təcridxananın həkiminə müraciət edib, amma onun problemi həkimlik deyil, səhhətinə şəraitsizlik pis təsir edir. Orada isti su yoxdur, məcbur qalıb soyuq su ilə yuyunur.
Ümidimiz var ki, bəlkə ilin sonunda əfv verildi. Gözləyirik. Optimist olmaq istəyirəm. Prezident qərar versə, sevinərik. Cavan uşaqdır, təhsili yarımçıq qalıb, gedib oxuyardı”.
Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda narkotik ittihamı ilə tutulub. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər Məmmədovu 5 il müddətinə azadlıqdan məhrum edib.
Beynəlxalq Kipr Universitetinin (Şimali Kipr) tələbəsi olan Ömər Məmmədovun müdafiəçiləri onun sosial şəbəkələrdəki fəallığına görə tutulduğunu bildirir.
Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan Ömər Məmmədov oktyabrın 15-də ölkə prezidentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmaq istəyimi nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz”.


Şərhlər