Aprelin 11-nə keçən gecə Rusiya pilotsuz təyyarələr və raketlərlə Ukraynaya hücum edib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, vilayətlərdə enerji obyektləri hücuma məruz qalıb.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Xarkov şəhəri və regionun kritik infrastrukturuna azı on zərbə endirilib. "Elektrik enerjisində fasilələr ola bilər. Hazırda ölənlər barədə məlumat yoxdur. Məlumatlar yenilənir", - Sinegubov yazıb.
Səlahiyyətlilərin məlumatına görə, Xarkov vilayətində 200 mindən çox abonent elektrik təchizatından məhrum olub.
Xarkovda baş verən partlayışlarla bağlı mer İqor Terekov da məlumat verib. Enerji təchizatı ilə bağlı problemlər ola bilər. O, xəbərdarlıq edib ki, yaxın bir neçə saat ərzində metro işləməyəcək.
Kiyev Regional Hərbi İdarəsi bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir. Partlayışlar barədə Zaporojye vilayəti administrasiyasının rəhbəri İvan Fedorov da məlumat verib.
Rusiya qazının Avropaya tranziti ilə də məşğul olan “Naftoqaz” şirkəti də bəyan edib ki, Rusiya hərbçiləri iki yeraltı qaz anbarına hücum edib. Xəbərdə deyilir ki, onlar işləri davam etdirirlər, mütəxəssislər atəşin nəticələrinin aradan qaldırılması ilə məşğuldur, tələfat yoxdur.
Ukrayna Hərbi Hava Qüvvələri kütləvi hücum zamanı Rusiya ordusunun 82 hücum silahından, o cümlədən 40 hücum dronundan istifadə etdiyini bildirib, 57 raket və pilotsuz təyyarə vurulub.
Son bir neçə həftə ərzində Rusiya ordusu demək olar ki, hər gün Ukraynadakı enerji obyektlərinə zərbələr endirir. Energetika naziri German Qaluşenkonun sözlərinə görə, Ukraynanın istilik elektrik stansiyalarının 80 faizinə qədəri və su elektrik stansiyalarının yarıdan çoxu zədələnib.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkənin enerji infrastrukturuna zərbələrini şərh edərkən bir daha Kiyevin havadan müdafiə və digər müdafiə dəstəyinə ehtiyacı olduğunu bildirib.
ABŞ-də Konqres bir neçə aydır ki, Ukraynaya ümumi məbləği təxminən 60 milyard dollar olan yardımı nəzərdə tutan qanun layihəsini qəbul edə bilmir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər