“Azərbaycanın ərazi bütövlüyünü tanımaqla biz faktiki olaraq, Ermənistanın ərazi bütövlüyünü tanımış olduq”.
“AzPolitika” xəbər verir ki, bunu ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı ermənilərə Ermənistanın ərazi bütövlüyünün tanınması üçün lazımdır, çünki “Ermənistanın ərazi bütövlüyü Azərbaycan tərəfindən məhdudlaşdırılıb”.
Paşinyan deyib ki, Ermənistan tarixən hansı dövlətlərin əhatəsində olduğunu düzgün qiymətləndirməli idi: “Ermənistan, hətta tarixən, məhz SSRİ məntiqinə görə, o ölkədir ki, digər ölkələrin əhatəsindədir və onların ərazi bütövlüyünü tanımırsa, öz ölkəsinin də varlığını tanımamış olur... Biz özümüz də bununla ölkəmizin suverenliyinə xələl gətirdik. Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan çox sevməkdən imtina edirəm”.
Paşinyan eyni zamanda, ATƏT-in Minsk Qrupunu kəskin tənqid edib: “Xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində gedən proseslərdən danışırlar, bizi tənqid edirlər, amma hiss etmirlər ki, ATƏT-in Minsk Qrupundakı ölkələrin başçıları 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir. İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, amma bu, ATƏT-in Minsk Qrupunun Ermənistan Respublikasına münasibətdə legitim geosiyasi rəqabəti deyildisə, nə idi?
Yəni, siz elə bilirdiniz ki, Fransanın, ABŞ-nin, Rusiyanın, eləcə də Minsk Qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib bunu edəcəklər?... Bağışlayın, amma 30 il çuval kimi gah bir, gah da digər tərəfə atıldıq. Görmədinizmi ki, gəlib burada bir şey dedilər, sonra gedib ATƏT-də başqa cür səs verdilər? Bu, geosiyasi rəqabət deyilsə, nədir? Əksinə, biz Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik...”
Paşinyan bundan əvvəl də xeyli ağıllı, məntiqli, sülhpərvər sayıla biləcək açıqlamalar verib. Ancaq çoxları fikir vermir ki, demək olar, hər çıxışı ilə təkcə erməniləri deyil, bütün kənar müşahidəçiləri də təəccübləndirməyi bacaran Ermənistan Baş naziri Qərblə və Rusiya ilə “evcik-evcik oyunu”nu davam etdirərkən, özünün 44 günlük müharibədən əvvəlki ritorikasını da unutdurmağa çalışır. Artıq sanki onun vaxtilə Şuşaya gəlib yallı gedən, “Qarabağ Ermənistandır və nöqtə” deyən yekəxana, özündən razı erməni tipindən əsər-əlamət qalmayıb. Adam sanki 2018-2020-ci illərdə işğalçı, beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə məhəl qoymayan Ermənistana yox, İsveçrəyə rəhbərlik edib. İndi isə az qala ideal siyasi məntiq, müasir qərbpərəst düşüncə, beynəlxalq hüquqa sonsuz hörmət və s. mücəssiməsinə çevrilib...
Maraqlıdır ki, bizdə də Paşinyanın “fanatları” var, onun səmimiliyinə, humanistliyinə, “yaxşı oğlan” olduğuna inananlar kifayət qədər çoxdur. Ancaq bir şey danılmazdır ki, onu məcburən “yaxşı oğlan” edən Azərbaycan Ordusu, əsgərimiz, dövlətimiz oldu. Yoxsa, Paşinyan eyni zamanda həm işğalçı, həm də “demokrat” dövlət başçısı kimi varlığını sürdürəcəkdi və heç zaman bugünkü beynəlxalq hüquq prinsiplərindən, ərazi bütövlüyünün tanınmasından, sərhədlərin toxunulmazlığından və s. danışmayacaqdı.
Odur ki, onun bu cür bəyantalarındakı “səmimiyyətdə” böyük saxtakarlıq payı var. Biz büdrəsək və Ermənistan dövlətinin əlinə öz himayədarlarının sayəsində böyük imkanlar düşsə, ən böyük revanşist, qisasçı və ən qatı millətçi elə Paşinyanın özü olacaq. Çünki bütün bunlar tarixin bizə “caladığı” qonşumuzun canında, qanında, xislətində oturuşmuş mərəzdir. Bunu unutmamaq və hər zaman ordumuzu, dövlətimizi güclü saxlamaq məcburiyyətindəyik...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Çox sağ olun, Cəlal Məmmədov, bu məqalənizlə tam razıyam və çox doğru qeyd etmisin ..."""Maraqlıdır ki, bizdə də Paşinyanın “fanatları” var, onun səmimiliyinə, humanistliyinə, “yaxşı oğlan” olduğuna inananlar kifayət qədər çoxdur. Ancaq bir şey danılmazdır ki, onu məcburən “yaxşı oğlan” edən Azərbaycan Ordusu, əsgərimiz, dövlətimiz oldu. Yoxsa, Paşinyan eyni zamanda həm işğalçı, həm də “demokrat” dövlət başçısı kimi varlığını sürdürəcəkdi və heç zaman bugünkü beynəlxalq hüquq prinsiplərindən, ərazi bütövlüyünün tanınmasından, sərhədlərin toxunulmazlığından və s. danışmayacaqdı."""
Bu məqalədəki Paşinyanın şəklinə baxmaq kifayətdir ki, necə tülkü olmağı sir-sifətindən bilinir....
Lider Ərdoğan özünü tənqidi vacib səmimiyyət sayır! İki əsr öncə tarixə anti-katolik (1 xoruz-ailə) iddia ilə kilsədən ayrılmış *Grekori*an qruplaşması 1796cı ildə saxta *erməni* və subyektdən sonra necə səmimi ola bilər? *Bizlər*sə əksinə, nəinki Osmanlıdan qənimət Qafqaz varisi kimi öz doğma vahid Ərazi-Dövlət-dil haqqımızı iddia edir, səsləndirməyə belə cürət etmirik?
Ondan Ermənistani Rusiyanin qucağından qoparmamaq tələb olunur , onda olacaq yaxşı oğlan...
Bu yetim kəndləri qaytarır ,Bizim ırazi bütövlüyümüzü tanıyır ,Naxçıvana yolu açır ,bir şərtlə həmin yola rus yox erməni nəzarət etsin ,daha nə istəyirik ,yoxsa Koçaryan hakimiyyəti lazımdır?