ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) rus hakerlərinin “Microsoft” ilə ABŞ-nin bir sıra federal agentlikləri arasında yazışmalara giriş əldə etdiyini bildirib.
Təşkilatın saytında dərc olunan sənəddə agentlik federal hökumət qurumlarına “Rusiya dövləti tərəfindən maliyyələşdirilən kibertəhlükə ilə bağlı əhəmiyyətli riski dərhal azaltmağı” tapşırıb. Söhbət Rusiya ilə əlaqəli olan “Midnight Blizzard” haker qrupunun yanvar ayında həyata keçirdiyi kiberhücumdan gedir. Hücum nəticəsində hakerlər “Microsoft”un e-poçt hesablarını ələ keçirə biliblər.
CISA xəbərdarlıq edib ki, hakerlər “Microsoft” müştərilərinin, o cümlədən xeyli sayda dövlət qurumlarının sistemlərinə daxil olmaq üçün poçtla göndərilən hesaba giriş məlumatlarından istifadə ediblər.
Agentlik, məktubları hakerlər tərəfindən əldə edilən konkret departamentlərin adını çəkməsə də, onların məqsədli xəbərdarlıq aldığını qeyd edib. CISA direktoru Jen Easterly: "Biz federal sistemlərimizə riskləri azaltmaq üçün təcili tədbirlər tələb edirik. Bir neçə ildir ki, ABŞ hökuməti Rusiya hökuməti tərəfindən həyata keçirilən zərərli kiber fəaliyyətləri sənədləşdirib. İndi “Microsoft” bu uzun siyahıya əlavələr edir. Sistemlərimizi bu təhlükədən qorumaq üçün federal hökumətimiz və özəl sektordakı tərəfdaşlarımızla əməkdaşlıq edərək səylərimizi davam etdirəcəyik”.
ABŞ və Avropada dövlət qurumlarına qarşı haker hücumları son vaxtlar tez-tez baş verir. Son ayların ən böyük belə hücumu Krım körpüsünə potensial “Taurus” qanadlı raket hücumunu müzakirə edən alman kəşfiyyatının (Bundesver) zabitləri arasında söhbətin sızması olub. Rusiya haker hücumlarında iştirakını inkar edir.
Aprel ayında Çexiyanın Nəqliyyat naziri Martin Kupka demişdi ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra iki il ərzində Avropanın dəmir yolu infrastrukturuna zərər vurmaq üçün minlərlə cəhd edib. Nazirin sözlərinə görə, söhbət ilk növbədə haker hücumlarından gedir. Onlar dəmir yolu operatorlarının, xüsusən də Çexiya dövlət dəmir yolu şirkətinin siqnalizasiya və kompüter sistemlərini hədəf alırlar.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər