"ABŞ və İran hazırda çalışırlar ki, İsrailin böyük müharibə törədib, onları qarşı-qarşıya gətirmək planı baş tutmasın".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Şahin Cəfərli İsrail ilə İran arasında yaranmış böhranı şərh edərkən bildirib.

"İsrail son illər Suriyadakı İran hədəflərini davamlı bombalayır, lakin konsulluğu vurmaq İran ərazisini vurmağa bərabər aktdır. Bu səbəbdən Tehran buna cavab verməyi vacib sayır, çünki əks halda bölgədə, o cümlədən tərəfdarları və proksi gücləri arasında nüfuzu ciddi şəkildə sarsılacaq və öz çəkindiriciliyini itirəcək", - o qeyd edib. 

Ekspert hesab edir ki, İran İsrailə elə bir cavab zərbəsi endirmək istəyir ki, İsrailin əks zərbələri və ABŞ-nin də ona dəstək verməsi üçün əsas yaranmasın.

"ABŞ isə öz növbəsində İranı niyyətindən çəkindirməyə çalışır, bu mümkün olmasa, onun İsrailə atacağı raketləri vurmağı planlaşdırır ki, İsrailin İrana əks zərbələrinə gərək qalmasın. Çünki müharibə başlayarsa, ABŞ İsrailin yanında yer almaq zorundadır".

Ş.Cəfərli bildirib ki, ABŞ demokratları İran məsələsinin hərbi güc tətbiqi ilə həlli ideyasına heç vaxt isti baxmayıblar, seçki ərəfəsində isə bu, onlara heç lazım deyil. "Ümumən bu mərhələdə Bayden administrasiyası özünü sanki dünyadan təcrid edib, Ukrayna müharibəsinə də lazımsız bir başağrısı, yad problem kimi baxır", - o əlavə edib.

Təhlilçi vurğulayıb ki, İranla müharibə bir tərəfdən demokratların seçiciləri, xüsusən sol liberallar arasında ciddi narazılığa səbəb olmaqla, digər yandan neft (benzin) qiymətlərini daha da artırmaqla, Baydenin seçilmək şansını “baltalaya” bilər: "Netanyahu da bunu istəyir və Trampın seçilməsinə yardım etmək onun cari hədəflərindən biridir. Digər cari hədəf beynəlxalq diqqəti Qəzzadakı insanlıq faciəsindən, İsrail əhalisinin diqqətini isə daxili siyasət problemlərindən yayındırmaq, koalisiya ortaqlarını ətrafında saxlaya bilməkdir. Və əlbəttə ki, strateji hədəf İran məsələsinin həllinə nail olmaq, ya da ən azından minimal vəzifə kimi onun nüvə proqramını məhv etməkdir".

Rasim Əliyev

"AzPolitika.info"