Gürcüstan parlamenti Rusiyanın xarici agentlər haqqında qanununun surəti adlandırılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
"AzPolitika" xəbər verir ki, iclasda iştirak edən 83 deputat bunun lehinə yekdilliklə səs verib. Müxalifət səsverməyə qatılmayıb.
Qanun layihəsinə görə, illik gəlirlərinin 20 faizindən çoxunu xarici tərəfdaşlardan alan QHT-lər, yayımçılar və media sahibləri xarici dövlətin maraqlarını təşviq edən təşkilat kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan yayınma 25 000 lari (9000 dollar) cərimə ilə nəticələnir və təkrar cərimələr də nəzərdə tutulur.
Qeyd edək ki, dünən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bu qanunun qəbulunun Gürcüstanın Avrointeqrasiya prosesinə ciddi zərbə vuracağı haqda xəbərdarlıq etmişdi. Mişel bəyan edib ki, hökumətin adddımı ötən ilin dekabrında Gürcüstanın Avropa ittifaqına üzvlüyə namizəd olması prosesi ilə bir araya sığmır.
Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti iki həftədir bu qanunun qəbuluna etiraz olaraq Tbilisinin mərkəzində aksiyalar keçirir. Dünən polis qüvvələri mitinq iştirakçılarına zor tətbiq edərək aksiyanı dağıdıb. Lakin buna baxmayaraq aksiyaların davam edəcəyi gözlənilir.
Hakimiyyətdə olan “Gürcü arzusu” partiyası ötən il də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməyə səy göstərsə də Qərbin ciddi narazılığı və güclü ictimai etirazlar səbəbindən geri çəkilməyə məcbur olmuşdu.
Gürcüstan Prezidenti Salome Zurabaşvili bəyan edib ki, qanun layihəsi qabul olunarsa, onu imzalamayacaq. “Gürcü arzusu” prezidenti müxalifətlə əlbir olmaqda və dövlət maraqlarına xəyanət etməkdə ittiham edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər