«Rusiya sülhməramlı qüvvələri Qarabağı tərk edir. Bu da onu göstərir ki, bu regionda sülhməramlı kontingent üçün əvvəllər müəyyən edilmiş missiya artıq aktual deyil. Həmçinin yeni missiyaların formalaşdırılması da artıq mümkün deyil”.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, əslində Rusiya Cənubi Qafqazın bu hissəsində öz təsirini və mövcudluğunu itirir ki, bu da Rusiya və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə verdiyi qərarla bağlıdır:
“Belə bir qərar və Rusiyanın geri çəkilməsi açıq şəkildə Azərbaycana, Türkiyəyə və Qərbə sərf edir və Rusiyanın maraqlarına əsaslanmır. Nəticədə Moskvanın beynəlxalq arenada digər iştirakçılarla sülhməramlıların çıxarılması barədə aparılan danışıqlar nəticəsində müəyyən güzəştlər və ya vədlər alması barədə fərziyyələrə gətirib çıxarır. Belə bir addımın kompensasiyası kimi Rusiyaya konkret nə təklif edildiyi ilə bağlı proqnozlar qeyri-müəyyənlik içərisindədir”.
Ananyan vurğulayıb ki, bu kontekstdə bir şey aydındır: Ermənistanın maraqları və istəkləri danışıqlar zamanı müzakirə olunan prioritetlər çərçivəsindən kənarda qalıb.
“Rusiyanın öz sülhməramlı qüvvələrini Qarabağdan çıxarması regionumuzdakı problemlərin çoxsəviyyəli olduğunu bir daha göstərir, sülhməramlılıq, diplomatiya və dövlətlərarası münasibətlərlə bağlı məsələlərin ağırlığını və mürəkkəbliyini nümayiş etdirir. Bu, bizdən asılı olmayan, lakin bizim üçün əlverişsiz hadisələrin yaxın gələcəkdə baş verəcəyini açıq şəkildə göstərir”, - Ananyan yazıb.
“AzPolitika.info”


Şərhlər