Nurəddin İSMAYIL

Məlum 10 noyabr sazişi əsasında Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi rəsmi təsdiqini tapdı. Əslində bu hadisə gözlənilirdi, lakin vaxtından əvvəl baş tutması daha sevindirici oldu.

Beynəlxalq şərtlər, dünyada gedən geosiyasi proseslər və Rusiyanın ətrafında baş verən əndişəli durum rus sülhməramlılarının ölkəmizi tərk etməsini sürətləndirdi. Təbii ki, Azərbaycan, rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi faktı ilə xoşluqla deyil, o zamanın siyasi reallıqlarına uyğun olaraq barışmalı olmuşdur. O zaman böyük əksəriyyət haqlı olaraq rus sülhməramlılarının ərazilərimizə yerləşdirilməsi faktından çox narahat idi və bunu ölkəmizin suverenliyi, müstəqilliyi üçün təhdid hesab edirdi. Lakin görünən odur ki, dövlət yönətimi yeri gələndə, qətiyyətli qərar verilməsi tələb olunanda keçici ictimai rəyin əleyhinə getmək zorunda qalır. Belə də oldu. Üçtərəfli sazişin şətləri əsasında rus sülhməramlı kontingenti 5 il qalmaq şərti ilə Qarabağ ərazisinə yerləşdirildi. O zaman üçün qınaq obyektinə çevrilən, nəinki iqtidarın siyasi rəqibi müxalif kəsimi, bütövlükdə xalqımızı narahat edən bu razılaşma, verilən siyasi qərarın düzgünlüyünü isbatladı və sonda zorən-təbib ərazimizə yerləşdirilən rus sülhməramlı kontingenti xoşluqla ərazilirəmizi tərk etməli oldu. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan öz suverenliyinə və müstəqilliyinə qovuşdu. 

Prosesin asanlıqla getmədiyi, hərbi-siyasi uğurların hansı ağrılı proseslərdən keçdiyi hər kəsə bəlli. İkili standartlar, otuz ilin səmərəsiz sülh danışıqları heç bir nəticə vermədiyi halda Azərbaycan dövləti yetişmiş tarixi şəraitə uyğun olaraq siyasi iradə ortaya qoydu və müzəffər ordumuz kök salmış erməni separatizmini peşəkar hərbi həmlə ilə aradan qaldırdı. Başlanğıcda özündən əvvəlki rəhbərlərin kursunu davam etdirmək istəyən Paşinyan hakimiyyəti sonda bu yolun səmərəsiz olduğunu anlayıb Qarabağ klanını müdafiə taktikasından geri çəkildi. Dərk etdi ki, nə vassalı olduğu Rusiya, nə də favoritinə çevrildiyi Qərb onu sona qədər müdafiə etmək həvəsində deyil və təkbaşına da qüdrətli Azərbaycan ordusu ilə baş-başa gəlmək faydasızdır. Təslimçi sülhə zorlanan Paşinyanın Rusiyadan əli üzüldükdən sonra Qərbə üz tutmaqdan, onun diktəsi ilə Cənubi Qafqazda məkrli oyununu davam etirməkdən başqa yolu qalmadı. Lakin Azərbaycan yönətimi Ermənistanın iküzlü siyasətinin fərqində idi və bu siyasəti önləyən xarici siyasət kursunu rəhbər tutaraq həm Rusiya, həm də Qərblə qarşılıqlı faydalı əməkdaşlığa söykənən ikili əlaqələrini gücləndirdi.

Elə bir situasiyanın yetişməsini səbrlə gözləmək lazım idi ki, Ermənistanın Rusiya və İranla əlaqələri əvvəlki effektini itirsin və ediləcək hərbi hücumlar qarşılığında bu dövlətə veriləcək siyasi dəstək neytrallaşsın. Dünənə qədər gözləmə, izləmə mövqeyində qalmağa məcbur olan Azərbaycan, tarixi şəraitin yetişdiyi anda hücum taktikasına üstünlük verdi və son antiterror əməliyyatla Ermənistanın Qarabağ xülyasını alt-üst etdi. Təkcə sıxıcı faktor rus sülhməramlılarının ərazimizdə qalması və bundan dolayı suverenliyimizin təhdid altında olması idi ki, bu məsələ də əlahəzrət zamanın ixtiyarına buraxılmışdı. Ancaq hər şey, bütün proses bu qoşunların vaxtından əvvəl getməsi istiqamətində davam edirdi. Ermənistanın üçtərəfli sazişin şərtlərindən yayınma cəhdləri, onun iki yüz ildən artıq zaman kəsimində dövlət kimi mövcudluğuna qarant olan Rusiyaya kəllə atması, Rusiyanın Ukrayna bataqlığına sürüklənməsi, Qərbin Ermənistan vasitəsi ilə Cənubi Qafqaza sızmasından dolayı Rusiyanın keçirdiyi təlaşlar, Azərbaycan - Rusiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı və ən başlıcası, dövlətimizin suverenlik məsələsini qırmızı xətt kimi ortaya qoyması Rusiyanı öz sülhməramlılarını Azərbaycandan çıxarmaq kimi düşünülmüş qərar verməyə sövq etdi.

Artıq sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə Azərbaycan və Rusiyanın ali rəhbərliyi tərəfindən qərar qəbul edilib və 2024-cü ilin sentyabrına qədər prosesin başa çatması gözlənilir.

Gözün aydın, Azərbaycan xalqı!

Sən tarixin ən amansız sınaqlarından alnı açıq, üzü ağ çıxdın.

Yolumuz haqq yoludur, Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi əbədi və geri dönməzdir!