13 milyon dəyərində olan əraziyə hərracda 38 min manat qiymət qoyub
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakının mərkəzi Zərifə Əliyeva küçəsində yerləşən “Cənub” Açıq Səhmdar Cəmiyyətinin torpaq sahəsini dekabrın 9-da hərraca çıxaracaq. Lakin bu barədə elan səhmdarlardan gizli saxlanılıb. Məsələnin üstünü isə “Bizim Yol” qəzeti açıb. Həmçinin o da bəlli olub ki, torpaq sahəsinin hərraca çıxarılmasının gizli saxlanılması onun qiyməti ilə bağlı imiş. Komitə paytaxtın mərkəzi hissəsində yerləşən otelə məxsus torpaq sahəsini real dəyərindən çox ucuz qiymətə hərraca çıxarıb. ASC-nin səhmdarlarından olan Vəzir Rəcəbov “Bizim Yol” qəzetində bu barədə müsahibəsində deyib: “Hərracda 1322,54 kv.m torpaq sahəsini (0,1322 ha) satışa çıxarıblar. Qiymətini isə 38 min 618 manat qoyublar - kvadratı 29 manat 20 qəpiyə düşür. Halbuki, bu qiymət Ismayıllı, Şamaxı rayonlarının ən ucqar yerlərində olan qiymətdir. Belə bir qiymətə şəhərin mərkəzində, ”Sahil" metrosunun böyründə torpaq satışa çıxarılıb. Hansı ki, sözügedən ərazidə 1 kv.m torpağın bazar qiyməti 10 min manatdır. 0,13 ha torpaq sahəsinin bazar qiyməti 13 milyon manat dəyərindədir. 13 milyon manatlıq əmlakı komitə 38,6 min manat ilkin dəyər qiyməti ilə satışa çıxarıb - 340 dəfə ucuz. 38 min manat hara, 13 milyon manat hara? Əgər torpaq bazar qiymətinə satılsa, büdcəyə buradan xeyli mədaxil olacaqdı, müəssisədə səhmləri olan səhmdarlara da müəyyən pay düşəcəkdi. Amma müəssisənin satışını dəyərindən xeyli ucuz aparmaq istəyirlər. Mən də satışda iştiraka can atıram, çünki çox ucuz qiymətədir. Ərazini bu gün 10 milyon manata yerli iş adamları gözünü qırpmadan alar. Çünki çox prestijli yerdir, şəhərin tam mərkəzi sayılır. Yəqin ki, elə qoyduqları qiymətə də sənədləşdirib satacaqlar. Özünüz də şahidi olacaqsız ki, bu gün Ismayıllının ən ucqar kəndi üçün olan qiymətlə Bakının mərkəzini eyni götürüblər. Bu yaxınlarda Ismayıllıda torpaqla maraqlandım, sotu 3 min manatdan danışdılar. Şamaxının da ucqar kəndlərində - Baskal kəndi tərəfində qiymət 3500-4000 manat arasındadır. O hesabla Bakıda “Cənub”a aid torpağın sotu 2920 manata düşür, Baskalın qiymətindən çox aşağıdır. Ağılasığmaz bir rəqəmdir".

Xəqani Əhmədov və Səid Səlimov eyni maliyyə qrupuna daxil olan 10-a yaxın müəssisənin yığıncaqlarında görünürlər. "Şəbəkə"yə "Cənub" Hotel, "Bakqazmaş" ASC, Şamaxıda yerləşən "Şirvan" Mehmanxanası, "Bakyoltexnikatəmir 1" ASC, "Dərnəgültikintisənaye" ASC və daha bir neçəsi daxildir. 3 balıq müəssisəsini özündə birləşdirən "Bakı Dəniz Balıq Limanı" isə üçüncü şəxsə ötürülüb.
Onu daqeyd edək ki, “Cənub” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvetmə prosesi və son ümumi yığıncaqda 90 səhmdar cəmiyyətin istifadəsində olan torpağı özəlləşdirmək barədə qərar çıxarmaq istəsələr də, Xəqani Əhmədovun təmsilçisi buna inlan verməyib. O, iclasda bildirib ki, torpaq başqa bir xanımın adına özəlləşdiriləcək. Səhmdarlar bu qanunsuzluğa etiraz etsələr də, onların səsini eşidən yoxdur.
İndi isə məlum olur ki, “Cənub” Hotelinin ərazisi dəyərindən 100 dəfələrlə aşağı qiymətə satışa çıxarılır. Görəsıən bu xanım kimdir, hansı oliqarxın xanımıdır ki, ona belə böyük güzəşt olunur? Yəqin ki, bu suala da hərracdan sonra cavab tapılacaq.
Vaqif
AzPolitika.info
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…


Şərhlər