ABŞ Ukraynaya yardım paketini, nəhayət ki, təsdiqləmək üzrə olarkən Ukrayna cəbhəsində vəziyyət kifayət qədər gərgin və təhlükəlidir.
“AzPolitika” xəbər verir ki, CNN cəbhədəki vəziyyətə dair şərhində Ukrayna ordusunun ciddi mərmi qıtlığı yaşadığını vurğulayır: “Cəbhə xəttindəki ukraynalı əsgərlər deyirlər ki, ABŞ Konqresində 60 milyard dollarlıq hərbi yardım paketinin yekun təsdiqi mənəvi cəhətdən böyük dəstək olacaq. Ancaq Rusiya yorulmadan təzyiq edir və irəliləyişini gücləndirməyə çalışır”.
CNN-in məlumatına görə, Ukraynaya yardım haqqında qanun layihəsi bu gün Senata ötürüləcək. Konqresin yuxarı palatası tərəfindən qəbul edilərsə, Prezident Co Bayden həmin sənədi dərhal imzalayacaq: “Ukraynanın arzular siyahısı heç kimə sirr deyil. Orada artilleriya mərmilərinə və hava hücumundan müdafiə sistemlərinə üstünlük verilir. Bir neçə aydır ki, cəbhə xəttindəki Ukrayna əsgərləri rus qoşunlarının xeyli üstün olduqlarını bildirirlər. Prezident Volodimir Zelenski isə bu yaxınlarda deyib ki, nisbət 10-un 1-ə Rusiyanın xeyrinədir. 110-cu mexanikləşdirilmiş briqadanın artilleriya kəşfiyyatının komandiri "Teren" deyib: "Qalib gəlmək üçün bizə sursat lazımdır... artilleriyamız aclıq çəkir". Bu hərbçi nə danışdığını bilir. O, Avdeyevka şəhərini fevrala qədər iki il müdafiə edib. O vaxtdan bəri Rusiya qoşunları daha da qərbə doğru irəliləyərək əhəmiyyətli uğurlar əldə ediblər. Ukraynanın “DeepState” monitorinq qrupu ötən həftə Rusiyanın Oçeretino adlı böyük kəndin mərkəzinə doğru dəmir yolu xətti boyunca silsilə hücumlarını izləyib.
ABŞ-nin yeni hərbi yardımına yaşıl işıq yanmasına günlər qalıb, lakin sual ondan ibarətdir ki, Rusiyanın irəliləyişini dayandırmaq üçün həyati əhəmiyyətli döyüş sursatları, xüsusən də 155 mm-lik haubitsa mərmiləri cəbhə xəttinə nə qədər tez çata bilər.
Pentaqonun sözçüsü Patrik Rayder keçən həftə Nümayəndələr Palatasının səsverməsindən əvvəl ABŞ Müdafiə Nazirliyinin hər hansı əmr verilən kimi "dərhal hərəkətə keçməyə hazır olduğunu" söylədi.
ABŞ rəsmiləri bunu açıq deməsələr də, Ukraynaya hərbi yardımla tanış olan amerikalı mənbə bildirib ki, onun böyük hissəsi artıq Almaniya və Polşadakı anbarlardadır və bu, həmin silahların Ukraynaya çatdırılması üçün lazım olan vaxtı əhəmiyyətli şəkildə azaldacaq. Mənbə onu da bildirib ki, ilk olaraq Ukraynaya artilleriya mərmiləri çatdırılacaq”.
Bu arada ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) xəbərdarlıq edir ki, Ukrayna yaxın həftələrdə artilleriya sursatları və hava hücumundan müdafiə imkanları çatışmazlığı ilə üzləşməkdə davam edəcək və bu çatışmazlıqlar Ukraynanın effektiv müdafiə əməliyyatları aparmaq qabiliyyətini azaldır.
ISW ehtimal edir ki, Rusiya hərbi yardımın çatdırılmasına mane olmaq üçün dəmir yolları kimi nəqliyyat şəbəkələrinə hücum etməyə və ABŞ yardımı gəlməmişdən əvvəl cəbhə xəttində hücumların sürətini artırmağa cəhd edəcək.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər