Rusiya ordusu tammiqyaslı işğaldan əvvəl 3600 nəfərin yaşadığı Donetsk vilayətinin kiçik Oçeretino kəndinin mərkəzinə nəzarəti ələ keçirib.
"AzPolitika" xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinin hərbi eksperti Yulian Röpke yazıb.
Onun bildirdiyinə görə, aylarla davam edən gərgin döyüşlərdən sonra Rusiya Silahlı Qüvvələrinin bölmələri son 48 saat ərzində faktiki olaraq ciddi müqavimətlə üzləşmədən yaşayış məntəqəsinin ərazisinə daxil ola bilib: “Rusiya ordusunun uğurunun səbəbi bu bölgədə müdafiəni saxlayan onlarla Ukrayna Silahlı Qüvvələri əsgərinin geri çəkilməyə məcbur olmasıdır”.
Oçeretino kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan Donetsk vilayətinin son şəhərlərinə aparan strateji əhəmiyyətli dəmir yolu xətti üzərində yerləşir. Ukrayna ordusunun işğalçıların hücumunu necə dayandırmaq niyyətində olduğu hələ aydın deyil.
Nəşr ukraynalı hərbçilərə və analitiklərə istinadla yazır ki, Rusiyanın irəliləyişi Ukrayna Silahlı Qüvvələrinin 115-ci mexanikləşdirilmiş briqadasının gözlənilmədən mövqelərini tərk etməsindən sonra mümkün olub.
“AzPolitika.info”


Şərhlər