Menu

“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb

25.04.2024, 11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dünən təsdiqləyib ki, Birləşmiş Ştatlar son həftələrdə Ukraynanı gizli şəkildə ATACMS uzaqmənzilli raketlərlə təchiz edib.

“AzPolitika” xəbər verir ki, bunu “Amerikanın Səsi” xəbər verir.

ABŞ administrasiyasındakı mənbənin “Amerikanın Səsi”nə bildirdiyinə görə, 300 km-ə qədər mənzilli ATACMS raketləri Co Baydenin hələ martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilibmiş. Keçən həftə isə Ukrayna ilk dəfə həmin raketləri Rusiya ordusuna qarşı tətbiq edib. Belə ki, Ukrayna ATACMS-dan aprelin 17-də Krımdakı Rusiya aerodromunu vurarkən istifadə edib.

Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə Ukraynaya “əhəmiyyətli sayda” raket göndərildiyini təsdiqləyib və daha çoxunun göndəriləcəyini bildirib. O, dəqiqləşdirib ki, raketlərin bəziləri çərşənbə günü Prezident Co Bayden tərəfindən təsdiqlənmiş Ukrayna üçün 1 milyard dollarlıq silah paketinə daxil edilib. Onun dediyinə görə, Ukrayna bu silahlardan yalnız Ukrayna ərazisində istifadə edəcəyinə söz verib.

300 km-ə qədər uçuş məsafəsinə malik ATACMS-ın göndərilib-göndərilməməsi məsələsi Bayden administrasiyası daxilində aylardır müzakirə mövzusu olub. Orta mənzilli ATACMS isə keçən ilin sentyabrında təhvil verilib.

Pentaqon ABŞ arsenalından raketlərin verilməsinin ABŞ ordusunun döyüş hazırlığına xələl gətirəcəyindən ehtiyat edərək əvvəlcə uzaqmənzilli raketlərin tədarükünə qarşı çıxıb. Bundan başqa, Ukraynanın Rusiya daxilindəki hədəflərə hücum etmək üçün onlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlar da var idi.

ABŞ administrasiyasındakı mənbə bildirib ki, xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın dekabr və yanvar aylarında Ukraynaya qarşı Şimali Koreyanın verdiyi uzaqmənzilli ballistik raketlərdən istifadə etməsi Vaşinqtonun  fikrini dəyişməsinə səbəb olub. ABŞ qərar qəbul edərkən həmçinin, Rusiyanın Ukraynada kritik infrastruktura zərbələr endirdiyini də nəzərə alıb. 

Administrasiyadakı mənbə deyib: “Biz Rusiyaya bu barədə xəbərdarlıq etmişdik. Onlar isə hücumlarını bərpa etdilər”.

Sonda o da qeyd olunur ki, ABŞ ordusu öz ehtiyatları ilə bağlı narahatlıqlarını aradan qaldıraraq yanvarın sonlarında yeni raketlər alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol