“Fransa Prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu Bakıya geri qaytarmağa qərar verib. Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki Makron nümayişkənarə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adı ilə geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı.

Ekspert hesab edir ki, bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı: “Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycan ilə Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü”.

E.Şahinoğlu vurğulayır ki, beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib.

“Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə, Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”, - politoloq qeyd edib.

“AzPolitika.info”