Nurəddin İSMAYIL

Zülmətsevər insanlarız üç-beş yaşımızdan, 

Fitnə göyərir torpağımızdan, daşımızdan, 

Tarac edərək, bac alırız qardaşımızdan, 

Çıxmaz, çıxa bilməz bu adət başımızdan, 

Əslafımıza çünki həqiqi xələfiz biz, 

Öz qövmümüzün başına əngəl kələfiz biz. 

M.Ə.Sabir

Sapı özümüzdən olan baltalar iş başında. Həm də bu balta naşı birinin deyil, babasından miras qalan rus baltasını itiləmiş, türkçəmizi zıqqına-zıqqına höccələyən, ruscasını tum kimi çıtrlayan və özünü peşəkar politoloq sayan birinin əlində peyda olub.

Vurub əlindən salmasan, milli sapı ilə şüur dağarcığına döyəşdəməsən, adam öz kökünü baltalama nankorluğunu bacarıqla özündən sonrakı varislərinə buraxacaq. Necə ki, cümhurriyyət qəsdçisi, babası Qəzənfər Musabəyov merətə qalmış bu vərəsəni rus qafalı nəvəsi Rasim Musabəyova təhvil vermişdir.

Adamın siyasi mayası antitürk xəmirindən yoğrulub. Heç kəs unutmayıb. 2020-ci ildə rus sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının da Dağlıq Qarabağa yerləşdirilməsinin vacibliyi dövlət səviyyəsində gündəmə gələn vaxt R.Musabəyov açıqlamalar verdi və bu yerləşmənin region üçün təhlükə yaradacağını dilə gətirdi. Sən demə, ərazilərimizə bizi iki yüz ildən artıq işğalda saxlayan Rusiya hərbi kontingentinin deyil, bizə daim arxa-dayaq olan Türkiyə sülhməramlılarının yerləşdirilməsi region üçün ciddi təhlükə imiş. Amma onun bu siyasi mollalığı keçmədi və hadisələrin sonrakı inkişafı da siyasi yönətimin düzgün xəttə olduğunu göstərdi. Gördü ki, Türkiyə əleyhinə açıq ya gizli getmələr fayda ferməz və “Bir millət, iki dövlət” formuluna qarşı getməyin perspektivi yoxdur. Yanlış mövqedən, milli sapıntıdan geri durmaq əvəzinə adam yenidən suverenliyimiz, ərazi toxunulmazlığımızla uzlaşmayan, tarixi ərazilərimizi şübhə altına salan sərsəmləmələr edir.

İTV kanalına müsahibə verən Rasim müəllim tövşüyə-tövşüyə, beynəlmiləl görkəm alaraq, Gədəbəy rayonu ərazisindəki Başkəndin strateji əhəmiyyət daşımadığını bildirir və bu ərazini Ermənistanda olan anklav kəndlərimizlə mübadilə predmetinə çevirir. Nə qədər siyasi kor, tarixi yaddaşsız olasan ki, bütövlükdə indiki Ermənistanın, səcdəsində olduğu, qarşısında öhdəliklər götürdüyü Rusiyanın zor siyasəti ilə Azərbaycana məxsus tarixi ərazilərdə qurulmasını bilib, anlamayasan. Adamın keçdiyi yolunu, aldığı təhsilini, praktik fəaliyyətini əks etdirən “CV”-si onun bilgisiz olduğunu demir. Demək, öhdəliklər, gizli missiya və babadan gələn vəsiyyət haqqında düşünməyə dəyər. Nə deyəsən, oturduğu ağacı dibdən baltalayan beləsinə? Daha hansı titullara, vəzifələrə, siyasi kürsülərə və bunların gətirdiyi komfort həyata sahib olmalısan ki, razı qalasan və altdan-altdan başqa ölkələrə işləməyəsən.

Amma nə etməli, adam zatən belə. Deputat kürsüsünə oturdulan, xalqdan səs almayan birisi, əlbəttə, xalqın səsi ilə deyil, ona nəfəs verən yad boğazla danışmalıdır.

Azərbaycan parlamenti bu gün qınına çəkilmiş R. Mehdiyev töküntülərindən təmizlənməyincə, orada əyləşənlərin bir çoxundan antimilli sürprizlər gözləmək zorundayıq.