Məlum olduğu kimi, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri Qərb bu ölkəyə müxtəlif növ silahlar versə də, həmin silahlarla Rusiya ərazisinin vurulmasını qadağan etmişdi. Lakin belə görünür ki, bu qadağa artıq aradan qaldırılır və bunun ilk siqnalı Ukraynanı ən qəti şəkildə müdafiə edən müttəfiqlərdən biri olan Böyük Britaniyadan gəlib.
“AzPolitika” xəbər verir ki, Böyük Britaniyanın hazırkı Xarici İşlər naziri və keçmiş Baş naziri Devid Kemeron ötən gün Kiyevə səfər edib və səfər çərçivəsində olduqca önəmli açıqlamalar verib. “Reuters” agentliyi bildirir ki, Kemeron Kiyevdə Prezident Volodimir Zelenski və Ukrayna rəhbərliyinin digər üzvləri ilə görüşündə Britaniyadan 100 mobil zenit qrupu üçün dəqiq bombalar, zenit raketləri və avadanlıqlar da daxil olmaqla, yeni silah və sursat göndərildiyini açıqlayıb.
XİN başçısı bildirib ki, Britaniya Ukraynaya hər il üç milyard funt-sterlinq (3,74 milyard dollar) yardım edəcək. Ən əsası isə artıq Ukrayna Britaniyadan aldığı silahları Rusiya ərazisində istifadə etmək hüququna malikdir. Kemeron deyib ki, Britaniyadan alınan silahların Rusiya ərazisində istifadəsi ukraynalıların öz ixtiyarındadır: “Ukraynanın bu hüququ var. Rusiya Ukrayna ərazisinə hücum edir və Ukraynanın öz müdafiəsini təmin etmək ehtiyacı hiss etməsi başa düşüləndir”.
Qeyd edək ki, bundan öncə Latviyanın yeni XİN başçısı artıq bir çox müttəfiq ölkələrin Ukraynaya verdikləri silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verdiklərini bəyan etmişdi.
“AzPolitika.info”


Şərhlər